DBX: "İribuynuzlu mal-qara arasında virusun yayılması təkrarlana bilər"

DBX: "İribuynuzlu mal-qara arasında virusun yayılması təkrarlana bilər"

"Son məlumatlara görə, Azərbaycanda virus xəstəliyinə tutulan iribuynuzlu mal-qaranın sayı 500-600 baş təşkil edir". Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli SİA-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, yeni yoluxmalar olmasa, bu xəstəlik tamamilə aradan qaldırılacaq. DBK-nin sözçüsü bildirib ki, aparılan simptomatik müalicə nəticəsində 250 min başa yaxın iribuynuzlu mal-qara virusa qarşı müalicə olunub: "151 baş mal-qara sözügedən xəstəliklə yanaşı, digər xəstəliklərə də tutulduğundan tələf olub. Virusa yoluxan iribuynuzlu mal-qarada balasalma halları da artaraq 207-yə çatıb".

Qurum rəsmisi virusun müalicə edilməsində Dövlət Baytarlıq Xidmətinin fəaliyyətinin daha da artırılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 350 min manat vəsaitlə lazımi avadanlıqların və preparatların ölkəyə idxal olunacağını qeyd edib: "Bu vəsaitlə xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəedici preparatların, dezinfeksiya və dezinfeksiyaedici dərmanların alınması nəzərdə tutulub. Bu maddələr isə Azərbaycanda deyil, xarici ölkələrdə istehsal olunur. Bizim tərəfimizdən həmin ölkələrlə danışıqlar aparılıb, müqavilələr imzalanıb. Yaxın günlərdə zəruri olan avadanlıqların və dərmanların ölkəmizə gətirilməsi gözlənilir. Alınacaq dərmanlar isə baytarlıq idarələrinə ilkin yardım üçün veriləcək, sonrakı mərhələlərdə əgər xəstəlik yenidən təkrar olunarsa, sahibkarlar iribuynuzlu mal-qaranın müalicəsini öz hesablarına aparacaqlar".

Yolçu Xanvəli onu da bildirib ki, hazırda xəstəlik Dövlət Baytarlıq Xidmətinin nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə