Sabit Bağırov: "Azərbaycanın qazancı həm iqtisadi, həm də siyasi sahədə gözləniləndir"
Müsahibimiz Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırovdur
- Sabit müəllim, Avropanın enerji təhlükəsizliyində Azərbaycan-Rusiya əməkdaşlığı nə dərəcədə avropalıları qane edə bilər?
- İlk öncə onu qeyd edərdim ki, əlbəttə, Azərbaycan-Rusiya əməkdaşlığı Avropanı narahat edə bilər. Hər sahədə və o cümlədən enerji sahəsində. Çünki Avropa enerji bazarı maraqlıdır ki, təchizatçılar müstəqil olsunlar, bir-biri ilə sövdələşməsinlər. Belə olarsa qiymətlər azad bazar qanunları əsasında yox, məhz sövdələşmələr yolu ilə formalaşar. Təbii ki, Avropa İttifaqı bu cür risklərin yaranmasından özünü sığortalamağa çalışır. Avropanın enerji təhlükəsizliyi siyasəti bir neçə komponentdən ibarətdir: 1) milli enerji bazarlarından vahid Avropa bazarına keçid; 2) xarici enerji təcizatçılarının şaxələndirilməsi; 3) ümumavropa qaz infrastrukturunun inkişafı; 4) ədalətli rəqabət mühitinin qorunması; 5) enerji səmərəliliyinin artırılması; 5) alternativ enerji mənbələrindən istifadənin gücləndirilməsi; 6) üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması və sair. Bu komponentlər arasında 2-cisi və 4-cüsü təcizatçılar arasında hər hansı sövdələşməni, məsələn, Avropa bazarının bölüşdürülməsi və ya qiymət razılaşdırılmalarını inkar edir. Əgər Avropa İttifaqı Azərbaycan və Rusiya arasında bu cür "əməkdaşlığı" müşahidə edərsə, təbii ki, ən azı etrazlarla qarşılaşmağımız qaçılmazdır. Ona görə də, enerji sahəsində Rusiya ilə əməkdaşlığımızın istiqamətləri və miqyası hərtərəfli təhlillər əsasında qurulmalıdır. Rusiya maraqlıdır ki, Avropanın enerji idxalında əsas rol oynamaqda davam etsin. Xəzər bölgəsi ölkələri isə bu bazarda ona ciddi rəqib ola bilər. Çünki Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın toplam qaz ehtiyatları Rusiyanın qaz ehtiyatlarının 70%-nə yaxındır. Lakin Rusiyadan fərqli olaraq bu ölkələr Avropaya istiqamətlənən mükəmməl boru kəmərləri sisteminə hələ ki, malik deyillər. Adlarını çəkdiyim Xəzər bölgəsi ölkələri belə bir sistemin qurulmasında çox maraqlıdır. Və bu sahədə Azərbaycanın təşəbbüsləri və fəaliyyəti həm özünün, həm də Qazaxıstan və Türkmənistanın marağındadır.
- Dünya iqtisadiyyatında maliyyə böhranının hələ də davam etdiyini nəzərə alsaq imzalanan iqtisadi müqavilələr, xaricə neft-qaz ixracatı və digər ixrac-idxal əməliyyatlarının Azərbaycana iqtisadi təsiri nə dərəcədədir?
- Ölkəmizin ixracı əsasən xam neft, təbii qaz və neft məhsullarından ibarətdir. Dünya maliyyə böhranı bu məhsullara həm tələbatın artım templərini bir qədər azaldır, həm də qiytmətlərə öz təsirini göstərir. Lakin Azərbaycan ixracatının 2010-cu ildən başlayaraq azalması dünya böhranı ilə yox, daxili amillərlə əlaqəlidir. Neft hasilatının "Azəri-Çıraq-Günəşli" yatağında azalması obyektiv proses olaraq, təbii ki, ölkəmizin ixracına təsir edir. "Amma təbii qaz ixracatının yaxın illərdə artımı qeyd etdiyim azalmanı tam şəkildə kompensasiya edəcəkmi" sualına cavab olaraq deyə bilərəm ki, xeyr. Çünki təbii qazın qiyməti 7-8 dəfə xam neftin qiymətindən aşağıdır. Əlbəttə, ixrac olunan təbii qazın həcmi mühüm amildir, lakin həmin yaxın illərdə - 2025-ci il ərəfəsində ən yaxşı halda 3 dəfə arta bilər. Bu isə kifayət deyil. Təbii qaz hasilatının qeyd etdiyim dövrdə daha böyük həcmlərdə artırılması çox çətin məsələdir. Problem onda deyil ki, bizim təbii qaz ehtiyatlarımız ezervlərimiz azdır. Xeyr, ölkəmiz təbii qazla zəngin ölkədir. Və bu sahədə biz son illər ehtiyatların artmasını müşahidə edirik. Perspektivli sayılan yataqlarda böyük ehtiyatlar aşkar edilir. Hətta gözlənilməz yeni ehtiyatlar açılır. Məsələn, bu yaxınlarda "Bulla" yatağında açılan yeni 8-ci horizont çox zəngin görünməkdədir. Alovlanma baş vermiş yeni quyudan havaya atılan təbii qazın həcmi ekspertlərin ilkin qiymətləndirmələrinə görə gündə 5 mln.kubmetr səviyyəsindədir. Yəni Azərbaycan təbii qazla çox zəngin ölkədir. Son hadisələr bunu bir daha təsdiq edir. Lakin bu zənginlik hələ ki, potensial zənginlikdir. Onu gerçəkləşdirmək və real gəlir axınlarına çevirmək elə də asan iş deyil. Birincisi, bunun üçün ciddi investisiyalar tələb olunur, həm təbii qazın hasilatını təmin edəcək, həm də onun xarici bazarlara daşınmasını. İkincisi, biz əmin olmalıyıq ki, qazın alıcısı olacaq. Ölkəmizdə qaz hasilatı ilə olan xarici şirkətlər də buna əmin olmalıdırlar. Çünki hasil edilən qazın bir qismi böyük sərmayə yatırımlarını örtmək, daha bir qismi isə onların qazancına yönəlir. Məhz alıcı poblemlərini nəzərə alaraq Azərbaycan rəhbərliyi son illərdə bir sıra Cənub-Şərq Avropa ölkələri ilə danışıqlar aparır və artıq bir sıra ölkələrlə qazımızın alınmasına dair ikitərəfli razılaşmalar əldə olunub. Bunların sırasında Yunanıstan, Bolqarıstan, Rumıniya və digər ölkələr var. Mən bir daha vurğulamaq istərdim ki, qaz bazarı neft bazarından xeyli fərqlidir. Xam nefti bir çox vasitələrlə dünyanın istənilən bölgəsinə çatdırmaq mümkündür. Təbii qazın isə daşınması boru kəmərləri ilə mümkündür. Və beləliklə, təbii qaz bazarı regional xarakter daşıyır. Bu səbəbdən, təbii qazın ixracı öncədən region ölkələri arasında müvafiq razılaşmaların əldə olunmasını tələb edir.
- Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına nə dərəcədə təsir edir?
- Neftin qiymətinin aşağı düşməsi həm Azərbaycan büdcə gəlirlərinin həm də Neft Fondunun gəlirlərini azaldır. İtkilərimizin miqyası isə neftin qiymətindəki azalmaların səviyyəsindən və müvafiq dövrlərin uzunluğundan asılıdır. Lakin biz onu müşahidə edirik ki, qiymətin aşağı enməsi bir müddət sonra qalxması ilə müşahidə olunur. Son 10 ilin dinamikasına nəzər yetirsək görərik ki, xam neftin qiyməti təxminən 4 dəfə qalxıb, 2003-cü ildəki 1 barrel Brent neftinin orta qiymət təxminən 29 ABŞ dolları olmuşsa, hazırda 111 dollar civarınddır. Amma arada, bu onillikdə biz qiymətin 2008-ci ildə 147 dollara yüksəlməsini və sonralar bir neçə ay ərzində 39 dollara enməsini görmüşük. Nəzərə alaraq ki, Azərbaycan iqtisadiyyatı neft amilinə ciddi şəkildə bağlıdır, büdcə gəlirlərimizin böyük qismi məhz neft sənayesi tərəfindən təmin edilir, xam neftin dünya bazarında səviyyəsi ölkəmiz üçün nə dərəcədə önəmli olduğunu qeyd edə bilərik. Məhz bu asılılığı azaltmaq bizim iqtisadi siyasətimizin prioriteti olmalıdır.
- Trans-Anadolu şirkəti ilə Azərbaycan qazının Avropaya çıxarılması ölkəmizin qaz sənayesinə hansı dividendləri gətirir?
- Azərbaycanın qazancı həm iqtisadi, həm də siyasi sahədə gözləniləndir. 2011-ci ilin yanvarında Avropa İttifaqının prezidenti cənab Joze Manuel Barrozu Azərbaycanda səfərdə olduğu zaman "Cənub Qaz Dəhlizi" barədə Bəyannamə imzalanmışdır. Bu sənəddə Azərbaycan Avropa İttifaqı ölkələrinə uzunmüddətli və mühüm həcmlərdə qaz ixracı üzrə öhdəliklər götürmüşdü. 2011-ci ilin daha bir mühüm hadisəsi 25 oktyabr İzmir şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan 3 qaz sazişi olmuşdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu sazişləri Cənub enerji dəhlizinin gerçəklənməsinə yeni töhfə adlandırmışdır. Həmin ilin noyabr ayında İstanbulda keçirilən Qaradəniz İqtisadi və Enerji Forumunda ARDNŞ prezidenti cənab Rövnəq Abdullayev ilk dəfə Trans-Anadolu qaz kəməri - TANAP ideyasını səsləndirmişdi. 26 dekabr 2011-ci ildə isə Ankarada bu kəmər üzrə hökumətlərarası Memorandum imzalanmışdır. Nəhayət, keçən ilin iyun ayında TANAP üzrə hökumətlərarası sazişi Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri imzalamışlar. TANAP-ı "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Türkiyə üzərindən Türkiyə - Cənubi Avropa sərhədinə çatdırmaq üçün inşa edilcək. TANAP-ın davamı olaraq Transadriatik qaz boru kəməri inşa ediləcək. Beləliklə, bu iki kəmər vasitəsi ilə ilk mərhələdə 10 mlrd.kubmetr təbii Azərbaycan qazından Yunanıstan, Albaniya və İtaliya istehlakçıları faydalana biləcəklər. Azərbaqycan üçün isə bu yeni maliyyə qazancları və beynəlxalq aləmdə möhkəmlənən nüfuz olacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB