Sahibkarları sevindirəcək qanun layihəsi sabah müzakirə olunacaq

Sahibkarları sevindirəcək qanun layihəsi sabah müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasının mayın 14-də baş tutacaq növbəti plenar iclasında yeni qanun layihəsi müzakirə olunacaq. SİA-nın məlumatına görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" yeni qanun layihəsi hazırlanıb.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" yeni qanun sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyənləşdirəcək.

Qanun Azərbaycanda sahibkarların fəaliyyətinin yersiz yoxlamalar və müdaxilələrdən qorumağa xidmət edəcək. 10 fəsil, 38 maddədən ibarət layihədə sahibkarların risk qrupları üzrə bölgüsü aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.

Sənədə əsasən yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid olanlar iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlar isə üç ildə bir dəfədən çox olmayaraq yoxlanacaq. Plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 iş günündən, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılacaq. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə 3 günündən artıq olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə