ƏMDK-nın sədri: “100-ə yaxın dövlət müəssisəsi özəlləşdirilib”

ƏMDK-nın sədri: “100-ə yaxın dövlət müəssisəsi özəlləşdirilib”

"Azərbaycanda qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnib. Həyata keçirilən özəlləşdirmə proqramaları çərçivəsində 45000-ə yaxın kiçik dövlət müəssisə və obyektləri, 5300-dən çox müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri özəlləşdirilib. Bununla yanaşı, investisiya müsabiqəsi vasitəsilə 100-ə yaxın dövlət müəssisəsi dövlətsizləşdirilib". SİA-nın verdiyi xəbərə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları" mövzusunda Bakıda keçirilən elmi-praktiki konfransda ƏMDK-nin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, investisiya müsabiqəsi ilə özəlləşdirilmiş müəssisələrə 825 mln. manatdan artıq investisiya qoyulub. Bu müəssisələrdə 16200-dən çox yeni iş yerləri yaradılıb. Fəaliyyət dövründə 850 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydə alınıb.

Bundan başqa K.Həsənov deyib ki, ƏMDK-də müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi (MQS) yaradılıb: "Beynəlxalq qurumlarla birgə layihələr əsasında formalaşdırılan bu sistem əmlak bazarlarının dəstəklənməsi, mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi tələblərinə cavab verir. Modern əmlak idarəçiliyinin qurulması istiqamətində ölkə ərazisində daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılır. Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə