Rektorlar şurasının iclası keçirilib

Rektorlar şurasının iclası keçirilib

Bu gün Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı sayəsində MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorları şurasının iclası keçirilib. İclasda çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov qonaqları qədim Gəncədə, dahi Nizami Gəncəvinin yurdunda salamlamaqdan məmnun olduğunu ifadə edib, ölkə başçısı İlham Əliyevin aqrar sahəyə, həmçinin elmə və təhsilə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib. Nazir əsrlərdən bəri kənd təsərrüfatının respublikamızın ən inkişaf etmiş sahələrindən biri olduğunu, Azərbaycanda 11 iqlim zonasından 9-nun mövcudluğunu, ölkə əhalisinin qədim zamanlardan əkinçilik, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olduğunu qeyd edib: "Yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlığı Bakıda Politexnik İnstitutunun nəzdində 1920-ci ilin dekabr ayında kənd təsərrüfatı fakultəsinin açılmasından sonra başlayıb və 1929-cü ilin may ayına kimi fəaliyyət göstərib. Elə həmin il kənd təsərrüfatı fakultəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb, 1931-ci ildə Gəncə şəhərinə köçürülüb və indiyə kimi də fəaliyyət göstərir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılmasında və fəaliyyətində məhşur rus alimləri V.P.Smirnov-Loginov, İ.İ.Kalugin, İ.V.Fiqurovski, S.İ.Draçinski və digərləri əvəzsiz yardım göstəriblər".

İ. Abasov bildirib ki, institutun professor-müəllim heyətinin formalaşmasında Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri-Məmməd Mirzəyev, Əli Xudaverdiyev, İmran Qaşıyev, Murtuz Vəzirov, Yusif Məmmədəliyev, Əzim Dadaşov, Məmmədtağı Əsgərbəyli və digərləri yaxından iştirak ediblər: "Kənd təsərrüfatı zəhmətkeşləri Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradıcılarına, onların neçə nəsil mütəxəssis və alimlərinin yetişdirilməsində və ümumilikdə yüksək aqrar təhsilin respublikada yaradılmasında sərf etdikləri əməyə görə minnətdardırlar. Müxtəlif illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yüksək mükafatlarla təltif edilib.1940-cı ildə müəllimlər Sovet İttifaqının orden və medalları ilə təltif edilib, 1979-cu ildə isə İnstitut "Şərəf Nişanı" ordeni ilə ümummilli lider Heydər Əliyev tərəfindən təltif edilib. İnstitutun əsas inkişaf dövrü 1970-1982-ci illərə təsadüf edir. Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində maddi-texniki baza möhkəmləndirilmiş, yeni korpus və laboratoriyalar tikilib. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin aqrar sahə və elmi kadrların respublikamızda hazırlanmasına verdiyi böyük önəm nəticəsində 2009-cu ildə Kənd Təsərrüfatı Akademiyası Azərbaycan Dövlət Aqrar Universiteti adlandırıldı".

Hazırda Universitetdə 32 ixtisasın, 6 fakültənin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bakalavr pilləsində 4460 tələbə, magistr pilləsində 217 magistr təhsil alır. Son illərdə xarici ölkələrdə təhsilini davam etdirmiş tələbələrin sayı 48 nəfər olub: "Ümid edirəm ki, gələcəkdə bu təhsil ocağı yüksək ixtisaslı kadrların hazırlanması missiyasını layiqincə yerinə yetirəcək və regionun aparıcı ali təhsil ocaqlarından biri olacaq".

Daha sonra tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, universitetin tədris bazası ilə tanış olublar, Şəmkir rayonunda Az-Rus Dostluq Səhmdar Cəmiyyətinin meyvəçilik təsərrüfatı, həmçinin Gəncə Şərab-2 zavoduna səfər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə