Aydın Hüseynov: “Bu gün Azərbaycan dünya üçün önəm kəsb edən ölkəyə çevrilib” MÜSAHİBƏ SəsTV

Aydın Hüseynov: “Bu gün Azərbaycan dünya üçün önəm kəsb edən ölkəyə çevrilib” MÜSAHİBƏ SəsTV

İqtisadçı Aydın Hüseynovun Səs TV-yə müsahibəsi

- Aydın müəllim, bildiyimiz kimi Davos İqtisadi Forumunun növbəti iclası bu ilin aprel ayında Bakıda keçiriləcək. İlk öncə bu forumun önəminə toxunaq. Ümumiyyətlə, bu forumda hansı məsələlər gündəmə gətirilir, nələr müzakirə olunur?

- Davos İqtisadi Forumunun iştirakçıları hər il bir araya toplaşır. Forumun mahiyyəti isə ondan ibarətdir ki, burada ümumilikdə dünyada gedən iqtisadi proseslərin təsiri, dünyada baş verən qlobal iqtisadi dəyişikliklər müzakirə olunur. Forum təkcə iqtisadi deyil, eyni zamanda ekoloji problemlər, ümumiyyətlə, iqtisadi və digər tərəfdən bu gün dünyanı maraqlandıran, dünyanın problem saydığı məsələlərin həllində çox mühüm bir rol oynayır. Sonuncu 43-cü Davos İqtisadi Forumuna dünyanın 27 dövlət və hökumət başçısı toplaşmışdı, 88 ölkədən 2500 nümayəndə qatılmışdı. 100-dən çox iqtisadi və biznes strukturlarının, böyük təsir gücünə malik olan şirkətlərin rəhbərləri iştirak etmişdilər. Təkcə bu forumdakı iştirakçıların tərkibinə nəzər saldıqda, görürük ki, bu forum qarşıya qoyduğu məsələlərin həlli baxımından önəmli rol oynayır.

Davos İqtisadi Forumunda əsas müzakirə olunan məsələlərdən biri də enerji təhlükəsizliyi məsələsidir. Azərbaycan üçün ən maraqlı olan, ən cəlbedici məqam ondan ibarətdir ki, məhz Davos İqtisadi Forumunun iştirakçıları yekdil olaraq belə bir qərar gəlmişdilər ki, növbəti toplantı Azərbaycanın paytaxtı Bakıda keçirilsin.

- Davos İqtisadi Forumunun Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan üçün önəmli olan, bizi sevindirən cəhət ondan ibarətdir ki, Davos İqtisadi Forumun Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bu gün Azərbaycan dünyanın iqtisadi beyin mərkəzlərinin diqqətini özünə cəlb edib. Ölkəmizdə iqtisadi baxımdan gedən proseslər onların diqqətini cəlb etməklə yanaşı, bir maraq obyektinə də çevirib. Artıq bir neçə ildir ki, Azərbaycanda iqtisadi baxımdan önəmli hadisələr baş verir. Eləcə də Azərbaycan öz sərbəst və müstəqil iqtisadi siyasətini həyata keçirərək özünün bir iqtisadi modelini formalaşdırıb. Bildiyiniz kimi dünyada baş verən qlobal maliyyə böhranı Azərbaycana təsir göstərmədi. Bunlar adi məsələlər deyil. Yəni bu məsələlərin, bu proseslərin bir elmi və fundamental şəkildə yanaşılmasının nəticəsidir ki, məhz bizim iqtisadiyyatımız həmin tərzdə özünü risklərdən qorumağı bacarır, getdikcə nailiyyətlərimiz dinamik şəkildə artır.

Əhəmiyyətinə gəlincə, sözsüz ki, bu toplantının əsas məğzində bir iqtisadi anlam dayanır. İqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Yəni bu forumda iştirak edəcək ölkələrin nümayəndələri Azərbaycanda biznes mühitinin daha da yaxşı olduğunu görəcək, eləcə də investisiya qoyuluşu baxımından ölkəmizdə yaradılan münbit şəraitlə əyani şəkildə tanış olacaqlar. Əlbəttə bunların hər biri iqtisadi səmərədir. Həmçinin Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bakı-Tbilsi-Ceyhan neft kəməri bizim iqtisadiyyatımızda önəmli rol oynamaqla yanaşı, Avropa üçün təhlükəsiz, eyni zamanda gələcəyinə qarant olan bir kəmərdir. 2015-ci ildə başa çatması planlaşdırılan TANAP layihəsi də Avropa üçün əhəmiyyət kəsb edəcək iqtisadi layihədir. Yəni, bu baxımdan Azərbaycanın həmin ölkələrlə əməkdaşlığı ilə yanaşı, eyni zamanda etibarlı tərəfdaş imici formalaşıb. Bu, iqtisadi uğurlarla yanaşı, həmçinin ölkəmizin siyasi qələbəsidir, iqtisadi diplomatiyasının təntənəsidir və Azərbaycanın dünyada apardığı diplomatiyanın təntənəsinin təzahürüdür ki, məhz iqtisadi forumun Bakıda keçirilməsi üçün bu qərar qəbul olunub.

Bu forumun yüksək səviyyədə keçirilməsi üçün Bakıda digər şərtlər də mövcuddur. İqtisadi stabilliklə, əldə olunan uğurlarla yanaşı, ölkəmizdə siyasi baxımdan da tam bir stabillik mövcuddur. Ölkəmiz bu mənada da diqqəti cəlb edir. Eyni zamanda bu tədbirlərin təşkil edilməsi böyük bir prosedur tələb etməklə bərabər, forumda iştirak edəcək qonaqların yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi də əsas şərtlərdən biridir. Bildiyiniz kimi son illər Azərbaycanda, xüsusilə paytaxt Bakıda bir sıra beynəlxalq miqyaslı mədəniyyət, idman və digər önəmli tədbirlər keçirilir. Artıq bu sahədə bizim böyük təcrübəmiz var. Bu gün Azərbaycan təkcə region üçün deyil, dünya üçün önəm kəsb edən ölkəyə çevrilib. Bu isə ölkəmizin demokratik imicinin, iqtisadi inkişafının göstəricisi, siyasi qətiyyətinin təntənəsidir.

Ümumiyyətlə, bu forumun Azərbaycanda keçirilməsi hər bir vətəndaşımız üçün qürurverici hadisədir. Həyata keçirilən bütün bu tədbirlərin önündə ölkə prezidenti İlham Əliyevin əzmkarlığı, qətiyyəti dayanır. Biz prezidentimizin bu fəaliyyətini yüksək səviyyədə dəyərləndiririk, təqdirəlayiq hesab edirik. Belə tədbirlərin keçirilməsi ölkə başçısının xidmətinin nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə