"Şahdəniz-2" qaz layihəsi reallaşacaq

"Azərbaycan 2019-cu ildə "Şahdəniz" yatağından istehsal olunan qazın ikinci fazasını Avropaya çatdırmağı planlaşdırır. Bu məqsədlə "Şahdəniz" konsorsiumuna daxil olan şirkətlə bu ilin oktyabrında investisiya qərarını verməlidirlər". SİA-nın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclasında çıxışı zamanı bildirib.

"Biz bunun nəticəsində 2018-ci ilə qədər "Şahdəniz-2" qaz layihəsini reallaşdıra və 2019-cu ildə Avropaya çatdıra bilərik. Avropa qaz məsələsinə siyasi məsələ kimi baxır. Amma nə ARDNŞ, nə də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi yox, kommersiya əməkdaşlığı kimi yanaşırlar", - deyə E.Nəsirov fikirlərinə əlavə edib.

ARDNŞ-ın vitse-prezidenti onu da vurğulayıb ki, qaz ixracatı ilə bağlı gündəmdə olan TANAP layihəsindən başqa, Azərbaycan digər qaz kəmərləri ilə də ixracatda maraqlıdır. Bura "Nabukko", TransAdriatik və digər qaz kəmərləri daxildir. İndi bununla bağlı müvafiq sazişlər imzalanıb.

Onun sözlərinə görə, bu ilin iyulunda Azərbaycan qazının Bolqarıstan və İtaliya vasitəsi ilə Avropaya nəqlinə qərar verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə