TANAP və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir
Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. SİA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.
Ölkə rəhbəri bildirib ki, bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb: "Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir. TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri, beynəlxalq qurumlar birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləyiblər. TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilib. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir. Bu gün maliyyə qurumları Azərbaycana kredit vermək üçün bəlkə də bir-biri ilə rəqabət aparırlar. Biz bu gün istənilən həcmdə və ən məqbul şərtlərlə kreditləri götürürük. Əslində, indi hökumətə göstəriş vermişəm ki, kreditlərin sayını bir az azaldaq, çünki çox da dövlət borcu yaranmasın. Baxmayaraq ki, bizim dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir, bu da dünya miqyasında nadir göstəricidir. Yəni, bizim enerji sahəsindəki fəaliyyətimiz dinamik xarakter daşıyır. Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri-neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda, enerji məsələlərinin həlli həm neft, həm qaz hasilatı ilə bağlı regional layihələrimiz gündəlik həyatda daim diqqət altındadır".
Prezident deyib ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı müsbət tərəfdən tanıyır, bizə etibarlı tərəfdaş kimi inanır. Eyni zamanda, lazım gələndə biz öz ciddi sözümüzü də deyirik: "Çünki mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə də, iqtisadi əməkdaşlıqda da insanlar və dövlətlər səmimi olmalıdırlar, öz mövqeyini bildirməlidirlər. Əgər hər hansı bir narahatedici məqam varsa, biz onu malalamamalıyıq, əksinə üzə çıxarmalı və ölçülər götürməliyik. Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur. "Şahdəniz–2" layihəsinin icrası, neft hasilatının uzun illər bundan sonra sabit səviyyədə saxlanması, regional layihələr, TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir. Bir daha demək istəyirəm ki, biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri açıq şəkildə müzakirə etməliyik və edirik. Əsas məsələlər gündəlik, yəni, gərgin işin nəticəsində öz həllini tapır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki biz tərəfdaşlarımızı qiymətləndirməliyik. Əgər biz onlardan da müsbət cavab görürüksə, əlbəttə bu, bizi sevindirir və əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl şərait yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB