"Uruqvay şirkətlərinin Azərbaycana böyük marağı var" FOTO

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) ölkəmizdə səfərdə olan Uruqvayın Milli Gömrük İdarəsinin baş direktoru Enrique Pedragosanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yolu, ölkədə sürətli iqtisadi inkişaf haqqında qonaqlara məlumat verib.

Komitə sədri bildirib ki, bu səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutub və əsas məqsəd Azərbaycanda gömrük xidmətinin fəaliyyəti ilə qonaqları yaxından tanış etmək, gələcəkdə gömrük sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Eyni zamanda, Azərbaycanda gömrük xidmətinin modernləşdirilməsi istiqamətində Uruqvayın təklifləri və təcrübəsindən istifadə olunacaq. Azərbaycan ilə Uruqvay arasında gömrük sahəsində hüquqpozmalara qarşı hökumətlərarası birgə mübarizə ilə bağlı sazişin hazırlanması nəzərdə tutulub. Bununla bağlı layihə artıq hazırdır. Gələcəkdə bu sazişin imzalanması planlaşdırılır.

Enrique Pedragosan bu səfərin iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın yaradılması və genişləndirilməsinə təkan verəcəyini deyib: "Azərbaycan ilə Uruqvay arasında yaxşı iqtisadi münasibətlər mövcuddur və Uruqvay şirkətlərinin Azərbaycana çox böyük marağı var".

Məlumat üçün bildirək ki, səfər oktyabrın 5-dək davam edəcək.

Qeyd edək ki, görüşdən əvvəl hər iki tərəf Fəxri Xiyabanı ziyarət ediblər. DGK-nın sədri və Uruqvayın Milli Gömrük İdarəsinin baş direktoru ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə