1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin 18 ili tamam olur. Ötən bu illər ərzində Azərbaycan bir-sıra uğurlara imza atıb. Bu tarixi hadisə ilə bağlı "Səs" qəzetinə açıqlama verən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov və YAR Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Əsrin müqaviləsi"nin ölkəmizin müstəqillik tarixinin ən önəmli hadisələrindən biri kimi xarakterizə etdilər.
Vahid Əhmədov: "Artıq Azərbaycan dünyada öz mövqeyi ilə tanınır və ölkəmizin mövcud mövqeyi ilə bütün dünya hesablaşır"

- 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalamışdır. Amma "Əsrin müqaviləsi"nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillrdən biri oldu. Ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu kontraktın böyük əhəmiyyətini qeyd etmək vacibdir. Eyni zamanada, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, "Əsrin müqaviləsi" ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi. Ona görə də, bu kontraktın iqtisadi tərəfləri ilə yanaşı, siyasi əsasları da olduqca böyükdür. Hər kəsin bildiyi kimi həmin dövrlər ölkəmizin müstəqilliyinə qarşı həm xaricdən, həm də daxildən böyük təhlükələr yaradılırdı. Məhz həyata keçirilmiş uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan mövcud təhlükələrdən özünü qoruya bildi və beynəlxalq arenaya öz qapılarını açıq elan etdi. 1994-cü ilin 20 sentyabrında imzalanan "Əsrin müqaviləsi" də bu sıradan atılmış böyük addımlardan biri oldu. Həmin kontraktda iştirak edən şirkətlərin hamısı iri dövlətləri təmsil edirdi. Bu şirkətlər isə Azərbaycanın müstəqilliyini qoruyub saxlanmasında maraqlı olan şirkətlər idi. İkincisi isə iqtisadi cəhətdən bu kontraktın bağlanması və işə düşməsi bundan sonra Azərbaycanda 20-dən çox digər kontraktların bağlanmasına, ölkəmizə milyardlarla vəsaitin investisiya şəklində qoyulmasında şərait yaratmış oldu. Ona görə də, bu kontrakt, ümumiyyətlə, müstəqil Azərbaycan tarixində, ölkəmizin iqtisadi həyatında çox önəmli kontraktlardan biri hesab olunur. Bu kontrakt həyata keçdikdən sonra digər şirkətlərin də ölkəmizə marağı artdı. Faktiki olaraq həmin dövrlərdə hansısa xarici dövlətlərlə ölkəmizə investisiya qoymaq danışıqlar aparılırdısa, məhz bu kontraktın imzalanmasından sonra Azərbaycana xarici dövlətlərin və şirkətlərin marağı daha da çox oldu. Ölkəmizə investisiya qoyan dövlətlərin sayı getdikcə artmağa başladı. Hətta hal-hazırda davam edən 2008-ci avqust-sentyabr ayından başlanan qlobal maliyyə böhranı dünyanın bütün dövlətlərinə öz mənfi təsirini göstərdi. Amma Azərbaycan bu dövlətlərin arasında ən az qlobal maliyyə böhranına məruz qalan dövlətlərdən biri oldu. Məhz bu beynəlxalq kontraktların bağlanması Azərbaycanın iqtisadiyyatına çox böyük təkan vermiş oldu. Yəni neftin-qazın ixracı, boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və digər iri layihələrin həyata keçirilməsi Azərbaycan üçün bugünkü münbit şəraiti yaratmış oldu".
Millət vəkili Azərbaycanın bir neft ölkəsi olaraq dünya miqyasında tanınmasında "Əsrin müqaviləsi"nin əhəmiyyətindən də danışdı. V.Əhmədovun sözlərinə görə, bu kontraktın imzalanmasına qədər Azərbaycan dünyada bir neft ölkəsi kimi tanınırdı: "Amma ölkəmiz müstəqilliyə qədər SSRİ daxilində olan bir dövlət olduğu üçün faktiki olaraq beynəlxalq əlaqəsi yox idi. Yalnız SSRİ vasitəsi ilə bu əlaqələr qurulurdu. Amma müstəqillik dövründə məhz "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanı neft-qaz ölkəsi kimi dünyaya tanıtmış oldu. Bir məsələni qeyd etmək lazımdır ki, son illər bir çox dövlətlər səy göstərirlər ki, "Nabucco" layihəsi gerçəkləşsin. Bu layihənin də həyata keçirilməsi üçün Azərbaycanın da burada iştirakı vacib sayılır. Hazırda isə, ümumiyyətlə, Cənubi Qafqazda həyata keçirilən ən iri layihələr Azərbaycan iştirakı olmadan reallaşmır. Yəni neft, qaz ölkəsi kimi artıq Azərbaycan dünyada öz mövqeyi ilə tanınır və ölkəmizin mövcud mövqeyi ilə bütün dünyada hesablaşılır. Ümumiyyətlə, iqtisadiyyatı güclü olan dövlət həmişə siyasi arenada da güclü olur. Yəni iqtisadiyyat güclü olanda dövlət başçısı da qürurla danışır və öz iradələrini də ortaya qoya bilir. Məhz bu kontraktın imzalanması və bundan sonra Azərbaycana daxil olan milyardlarla dollar ölkəmizdə bütün sahələrdə canlanmanın yaranmasına şərait yaratdı. Ona görə də, bütün bunların hamısı dünya dövlətləri ölkəmizi arxayın bir tərəfdaş kimi qəbul etməyə başladılar. Məhz bu baxımdan da "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın həyatında iqtisadi, həm siyasi səhnəsində ən önəmli prinsiplərdən biri kimi qiymətləndirilir".
Aydın Hüseynov: "Əsrin müqaviləsi" təkcə iqtisadi deyil, eyni zamanda, siyasi layihədir"

- "Əsrin müqaviləsi"nin imzalanmasından 18 il keçir. 18 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə, çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq "Əsrin müqaviləsi"nə nəzər salaq. Müqavilənin operator kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülmüşdü. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilib və 6,5 milyard barreldən artıq neft hasil edilməsi proqnozlaşdırılır. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdır. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılmışdır ki, bunun da 131 min barreli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilmişdir. Yeni əsrdən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artırmağa nail olmuşdur. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
A.Hüseynov onu da bildirdi ki, "Əsrin müqaviləsi"ni təkcə iqtisadi deyil, eyni zamanda, siyasi layihədir. Belə ki, bu müqavilənin imzalanmasından sonra bir neçə istiqamətdə çəkilən neft və qaz boru xətləri Azərbaycanı möhkəm bağlarla bütün dünyaya bağladı. Bir tərəfdən şimal, bir tərəfdən də qərb istiqamətində çəkilən Bakı-Ceyhan, Bakı-Supsa və digər neft-qaz boruları Azərbaycanın həm iqtisadi, həm də hərbi təhlükəsizliyinə çox ciddi əsaslar yaratdı. Neft müqavilələrinin işə düşməsi Azərbaycanın iqtisadiyyatının qısa müddətdə çox sürətlə inkişaf etməsinə səbəb oldu və Azərbaycanı dünya iqtisadi birliyinə daha çox bağladı. İndi artıq neft müqavilələrinin əyani nəticələrini görməkdəyik. Azərbaycanın dövlət büdcəsi ildən-ilə artırılır. Azərbaycanın regionları, eyni zamanda, elmi intellektual və əqli potensialı çox sürətlə inkişaf edir. Ölkəmdə qeyri-neft sektorunun inkişaf perspektivlərinə də toxunan millət vəkili bildirdi ki, dövlət başçısı İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq, sərəncamlar verir və ən zəruri addımlar atır: "Ölkəmizin neft və qaz ölkəsi olmasına baxmayaraq, kənd təsərrüfatının, sənaye sahələrinin inkişafı da əsas prioritet məsələlər kimi qarşıya qoyulur. Bütün bunlara baxmayaraq, ölkəmizin əsas gəlir mənbəyi neft və qaz faktorudur. Amma hazırda həyata keçirilən siyasət ölkəmizin neft və qaz faktorundan asılılığının aradan qaldırılmasını əsaslandırır. Qeyd edim ki, Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-ci ildən başlayaraq mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq və bu sonrakı illərdə neft gəlirlərinin azalması müşahidə edilsə də, kəsirin yaranmasına imkan verməyəcək. Bu isə, o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq. Eyni zamanda, bu, qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar yaradır. Və yalnız, iqtisadiyyatın strukturunu diversifikasiya edərək, qeyri-neft sektorunu inkişaf etdirməklə "Əsrin müqaviləsi"nin müsbət nəticələrini daimi etmək olar".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB