ARDNŞ-də ATƏT nümayəndələri ilə görüş olub

ARDNŞ-də ATƏT nümayəndələri ilə görüş olub

Bu gün ARDNŞ-in baş ofisində Şirkət rəhbərliyinin ATƏT-in üzvü olan dövlətlərin daimi nümayəndələri ilə görüşü keçirilib. Xəbər verilir ki, qonaqlara son illər sürətli inkişaf tempi ilə dünyanın diqqətini cəlb edən Azərbaycanın iqtisadi yüksəlişi və bu yüksəlişdə ölkənin neft-qaz sənayesinin rolu haqqında ətraflı məlumat verilib. Azərbaycan iqtisadiyyatının flaqmanı olan Dövlət Neft Şirkətini Avropanın nüfuzlu neft-qaz şirkətləri ilə bağlayan çoxillik səmərəli əməkdaşlıq əlaqələri haqqında ətraflı söhbət açılıb.

Bildirilib ki, Azərbaycan neftçiləri hələ qədim zamanlardan dünya neft sənayesinə çoxsaylı töhfələr vermiş, onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqları kəşf olunmuş, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulub. Görüşdə, həmçinin son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri barədə ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından bəhs edilib.

ATƏT nümayəndə heyəti adından çıxış edən Norveçin ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri Robert Kvile səmimi qəbul üçün minnətdarlığını bildirib, ATƏT-lə Azərbaycan arasında faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını böyük nailiyyət kimi yüksək qiymətləndirib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr olub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə