Avropanı rahat buraxmayan maliyyə böhranı sadə insanları iş yerini itirməklə, mənzil, təhsil, kommunal xərcləri ödəyə bilməməklə qorxudursa, varlıları öz pullarını necə qoruyub saxlamaq sualı ilə narahat edir. SİA-nın məlumatına görə, son zamanlar alman milyonçuları pullarını böhranın əlindən salamat qurtarmaq üçün yeni vasitəyə əl atıblar.
Əvvəllər daha çox kənarda daşınmaz əmlak alan varlılar indi Almaniyanın özündə çox bahalı villalar, otellər, evlər almaqdadırlar. Daha çox istirahət zonaları və iri şəhərlərdə belə obyektlər bir-birinin ardınca yeni sahiblər tapmaqdadırlar. Xüsusən Şimal dənizinin Almaniya sahilindəki Zült adası və Berlin, Hamburg, Münhen kimi iri şəhərlər diqqət mərkəzindədir. Təbii ki, bu tendensiya daşınmaz əmlak bazarında qiymətlərə təsirini göstərməkdədir.
Amma, qiymətlərin sıçrayışı ən uzaqgörən eksperti belə təəccübləndirməkdədir. Məhşur Engels & Volkers agentliyinin verdiyi məlumata görə, son 3 ildə bu sahədə qiymətlər 60%-dən də çox qalxıb. Agentliyin əməkdaşı Kay Endersin sözlərinə görə, qiymətlərin belə qalxması bir qədər gözlənilməzdir və bu əsasən qiymətli kağızlar və aksiyalar bazarındakı xaosla əlaqədardır: "Fondlara yatırım etmək və aksiyalar almaq risklidir və özünü doğrultmur. Pulu olanlar daha real sahələrə yatırımlar etmək istəyirlər və daşınmaz əmlak bazarına meyllənirlər".
Müşahidəçilər bahalı əmlakların qiymətlərinin belə sürətlə qalxmasını zarafatla "acıyan xəmirin şişməsi"nə bənzədirlər. Ən bahalı daçınmaz əmlakları ucdantutma alan varlılar əmindirlər ki, alınan əmlak nə qədər bahalı və gözəgəlimli olarsa, investisiyanın gələcəyi bir o qədər etibarlı sayıla bilər. Nə qədər paradoksal görünsə də böhrana qədər olan qiymətlər indiki ilə müqayisədə gülməli görünür. Məsələn, cəmi 3-4 il bundan əvvəl Hamburg, Münhen və Berlində nüfuzlu villaların bir kvadrat metrinin qiyməti 5000 avro civarında idisə, indi bu rəqəm 3 dəfə artıq, 15000 avroya qalxıb. Bu şəhərlərlə yanaşı addımlayan növbəti yer isə qeyd olunduğu kimi, bahalı kurort zonası sayılan Zült adasıdır. Maraqlıdır ki, bu ada xarici turistlər arasında populyar deyil. Burda çox nadir hallarda başqa yerlərdən gələn turistlərlə rastlaşmaq olar. Sadə almanlar üçün də əlçatmaz olan adanın əsas sakinləri elə varlı almanların özləridir.
İkinci bir maraqlı fakt odur ki, belə fantastik qiymətlərin fonunda ekspertlər bunun hələ son hədd olmadığını deyirlər. Onların qənaətincə belə bir total tələbatın qarşılığında qiymətlər qlxmaqda davam edəcək.
Şahin Abasov,
SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB