Avtomobil bazarında ucuzlaşma qeydə alınıb

Avtomobil bazarında ucuzlaşma qeydə alınıb

Bu ilin iyun ayı ərzində ölkənin avtomobil bazarında dinamikanın nisbi artımı müşahidə olunub. Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-a verilən məlumata görə, iyun ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi artım qeydə alınıb. Belə ki, ay ərzində bazarda təklif 1.7 faiz artıb. Təklifin tələbi üstələmə tendensiyası davam edib, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin nisbi artımı müşahidə olunub. Lakin tələbin və dinamikanın artımı qiymətə təsir göstərməyib. İyun ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb. Yəni 16 200 manat olub. Bundan başqa bazarda dinamikanın artımı iyun ayında avtomobillərin ekspozisiya müddətinin bir qədər azalmasına səbəb olub. Ay ərzində təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1.6 faiz azalaraq 43.0 günə enib.
İyun ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 16 000-dən artıq avtomobilin cəmi 27,4 faizi bazara məhz iyunda təklif olunub. Digər 72,6 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 2 ayda bir qədər azalıb. İctimai Birlikdən həmçinin bildiriblər ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında may ayı ilə müqayisədə 1,3 faiz artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 35 faiz təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin artımı baş verib. Təklif üzrə ən çox artım (3.2 faiz) "VAZ" avtomobillərində qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Məlumata görə, 9 markanın təklif üzrə payı 86,7 faiz təşkil edib. Yerdə qalan 13,3 faizi isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib. İli köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələjəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2012-ci illəri aid avtomobilləri əhatə edib.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə