Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası toplantısı keçiriləcək

Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası toplantısı keçiriləcək
Son 5 ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi orta hesabla ildə 40 milyon dollar təşkil etsə də, hazırda bu rəqəm 60 milyonu ötüb. Bunu Özbəkistanın ölkəmizdəki səfiri Şirzod Fayziyev deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi tədricən artır. Səfir həmçinin əlavə edib ki, dövlətlərarası əlaqələrin inkişafı üçün çox böyük potensial var və bu istiqamətdə çalışacağıq.

Səfir Özbəkistanın Azərbaycanla tranzit sahəsində əməkdaşlıqda maraqlı olduğunu da əlavə edib: "2008-ci ildə Navoidə beynəlxalq nəqliyyat qovşağı açılıb və bu, azad iqtisadi-sənaye zonasını xatırladır. Əgər Azərbaycanın tranzit sahəsində maraqları Asiya və Cənub-Şərqi Asiya istiqamətində olarsa, Navoidəki qovşaq bu məqsədlərə xidmət edə bilər".

Diplomat qeyd edib ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının növbəti yığıncağı bu il Bakı şəhərində keçiriləcək.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə