Dövlət qurumlarının saytlarının monitorinqi açıqlandı

Dövlət qurumlarının saytlarının monitorinqi açıqlandı

Bu gün \"Multimedia\" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən \"Azərbaycanda Açıq hökumət təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi\" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə 2012-ci il fevralın 1-dən iyun ayınadək dövlət orqanlarının rəsmi internet saytlarının monitorinqlərinin nəticələri müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz 64 mərkəzi icra hakimiyyəti orqanı və 67 yerli icra hakimiyyəti orqanının saytlarında aparılan monitorinqin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, əldə olunan nəticələrə əsasən məlum olub ki, artıq dövlət qurumları və yerli icra hakimiyyəti orqanları özlərinin internet resursları üzərində sistemli və komanda şəklində işlər aparır: \"Xüsusilə də ölkə başçısı İlham Əliyevin elektron xidmətin göstərilməsi ilə bağlı fərmanından sonra dövlət qurumlarında ciddi canlanma yaranıb\".

Osman Gündüz həmçinin bildirib ki, bundan əvvəlki illərdə aparılmış monitorinqlərin nəticələri haqqında daha geniş məlumat, bu ilki informasiya açıqlığı üzrə reytinq cədvəli və hesabatları informasiya.org saytında yerləşdirilib.

Qeyd edək ki, saytda dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin nəticələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə reytinq cədvəli, mərkəzi icra orqanları tərəfindən göstərilən elektron xidmətlərlə bağlı vəziyyət öz əksini tapıb.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə