ARDNŞ: “Abonentlərin sayı 1 milyon 410 min 231-ə çatıb”

ARDNŞ: “Abonentlərin sayı 1 milyon 410 min 231-ə çatıb”
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 2012-ci il iyunun1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 410 min 231-ə (o cümlədən 1.392.875 əhali, 17 min 356 qeyri-əhali abonenti) çatıb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, abonentlərin 637 min 832-si Bakı şəhərinin (628 min 647-si əhali, 9.185-i qeyri-əhali abonenti), 772 min 399-u isə regionların payına düşür (764 min 228 əhali, 8.171 qeyri-əhali).

Ümumilikdə, 1 milyon 408 min 68 abonent sayğaclaşdırılıb. Onların 1 milyon 390 min 712-si əhali (99,8 faiz), 17 min 356-sı qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 627 min 521 əhali abonenti (99,8 faiz), 9.185 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 763 min 191 əhali abonenti (99,9 faiz) və 8.171 qeyri-əhali abonenti (100 faiz).

Ötən müddətdə əhali abonentlərinin mənzillərində 371 min 749 ədəd "smart-kart" tipli qaz sayğacları quraşdırılıb. Bunun 63 min 67-si GULF, qalanları isə İTRON sayğaclarıdır. İndiyədək şəhər və rayon mərkəzləri ilə yanaşı, 1.013 kənd və qəsəbə təbii qazla təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə