Azərbaycanda yeni ipoteka proqramının konsepsiyası hazırlanır

Azərbaycanda yeni ipoteka proqramının konsepsiyası hazırlanır
Azərbaycanda yeni ipoteka proqramının konsepsiyası hazırlanır. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, konsepsiya yaxın bir ay ərzində yekunlaşdırılaraq razılaşdırılmaq üçün müvafiq qurumlara təqdim olunacaq: "Tam razılaşdırıldıqdan sonra proqram hökumətə təqdim olunacaq".

E.Rüstəmov etiraf edib ki, mövcud (8%-lik) kommersiya ipotekası proqramının demək olar ki, dayandırılması dolayısı ilə də olsa, yeni konsepsiyanın hazırlanması bununla bağlıdır: "Kommersiya ipotekasının həcmi azaldılıb, proqram tam dayandırılmayıb. Bununla yanaşı, sosial ipoteka verilməsi davam edir. İpoteka ilə əlaqədar yeni strategiya düşünürük və həmin strategiya çərçivəsində işləri davam etdiririk".

Mərkəzi Bankın rəhbəri qeyd edib ki, Azərbaycanda POS-terminalların sayının artırılması sahəsində də işlər əhəmiyyətli dərəcədə sürətləndirilib.


Azərbaycanda daha böyük nominalda əsginasların buraxılmasının gözlənildiyini deyən Elman Rüstəmov bildirib ki, bunlar 150, 200 və 500 nominallı əsginaslar ola bilər: "Hazırda bununla bağlı layihə-dizayn işləri aparılır. Müvafiq qərardan sonra əsginasların buraxılması mümkün olacaq".

E.Rüstəmov qeyd edib ki, əsginasların buraxılacağı konkret müddət bəlli deyil: "Hökumətlə bu məsələni müzakirə etmişik. Ümid edirəm ki, bu, yaxın illərdə baş verə bilər".


Bütün xəbərlər Facebook səhifəmizdə