Aİ və BMT-nin İnkişaf Proqramı ilə birgə layihə

Aİ və BMT-nin İnkişaf Proqramı ilə birgə layihə

Bu gün dinamik inkişaf dövrünü yaşayan müstəqil Azərbaycanın Avropaya sürətli inteqrasiyasında müxtəlif sahələr üzrə müasir, Avropa təcrübəsinin öyrənilərək ölkəmizdə tətbiqinə xüsusi önəm verilir.

Müasir beynəlxalq, xüsusilə də Avropa təcrübəsinin öyrənilməsi isə öz növbəsində həmin ölkələrə mütəmadi tanışlıq səfərlərinin təşkilini zəruri edir.

Qeyd edək ki, Azərbaycan hökumətinin artıq 2 ilə yaxın bir müddət ərzində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə uğurla həyata keçirdiyi "Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsi qeyd olunan məsələlərin reallaşmasına yardım etməklə yanaşı, sərhədlərdən insanların və malların keçidini asanlaşdıran, bütövlükdə sərhədlərin təhlükəsizliyini təmin edən nəzarət prosedurlarının təkmilləşdirilməsi sahəsində imkanların inkişaf etdirilməsinə öz töhfələrini verməkdədir.

Bu istiqamətdə layihənin İş Planına uyğun növbəti səfər cari ilin 23-27 aprel tarixlərində Xorvatiya-Sloveniyaya təşkil olunub.

Layihənin 1-ci modulu (SİS sahəsində məlumatlılıq səviyyəsinin artırılması və sərhədlərin strateji idarəetmə potensialının möhkəmləndirilməsi) çərçivəsində gerçəkləşəcək səfər müddətində Xorvatiya-Sloveniyanın İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Konsepsiyası ilə tanışlıq, bu dövlətlərin Sərhəd İdarəçiliyi Sistemi sahəsində əldə etdiyi müsbət təcrübəni bölüşmək və həmin təcrübənin Azərbaycanda mümkün tətbiqi variantlarının müəyyən edilməsi kimi məsələlər öz həllini tapacaq.

Səfərin maksimal səmərəsini təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında aidiyəti dövlət qurumlarının (DGK, DSX) rəhbər səlahiyyətli şəxslərindən ibarət Azərbaycan nümayəndə heyəti formalaşıb.

Qeyd edək ki, nümayəndə heyətini Proqramın rəhbəri Məzahir Əfəndiyev müşayiət edəcək.

Səfər zamanı əldə olunmuş təcrübə və biliklər sərhəd-buraxılış məntəqələrində mövcud olan prosedurların təkmilləşdirilməsi imkanlarına dəstək vermək, sərhədlərin daha təhlükəsiz idarə olunması və ticarətin asanlaşdırılması sahəsində beynəlxalq standartlara uyğun prosedurların inkişafını təmin etməklə yanaşı, Dövlət Sərhəd Siyasətinin formalaşması və bu siyasət çərçivəsində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Konsepsiyasının işlənilməsində mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə