Azərbaycanda üzümçülüyün inkişafı proqramının icrasına başlanılıb
Bu gün İqtisadi İnkişaf Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə \"Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması\" mövzusunda tədbir keçirilib.Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Gəncədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Gəncə və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qeyd edib ki, ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb: "Son 8 ildə ÜDM 3 dəfə, qeyri-neft sektoru 2,2 dəfə, ixrac 10,3 dəfə artıb, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalıb".
O bildirib ki, şərabçılığın stimullaşdırılması, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahənin inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması barədə məlumat verib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs edib, ölkənin dinamik iqtisadi inkişafında sahibkarların yaxından iştirak etdiyini vurğulayıb.
Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Regionların inkişafı və dövlət proqramları şöbələrinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarına çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında \"GSP+\" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermiş, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölməyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB