Ötən il təhlükəli tullantıların həcmi əvvəlki illə müqayisədə 6 dəfə artıb
"Petkim" neft-kimya kompleksində fəaliyyət göstərən təhlükəli tullantıların yandırılması qurğusuna digər şirkətlərdən qəbul edilən təhlükəli tullantıların həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 6 dəfə artaraq 1429 tona çatıb. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, gücünə görə Türkiyədə ikinci olan bu qurğu 2006-cı ildən başlayaraq şirkətin öz tullantıları ilə bərabər digər qurumların tullantılarını da emal edir. Ətraf mühitə həssas yanaşmanın davamlı inkişafın təməli olduğunu deyən "Petkim"in baş direktoru Hayati Öztürkün sözlərinə görə, ildə 17500 ton təhlükəli tullantını yandırıb enerjiyə çevirən qurğu bunun 10 000 tonunu "Petkim"dən, qalan 7500 tonunu isə digər şirkətlərdən alır. "Petkim"də hər zaman ətraf mühitin sağlamlaşdırılması məsələlərinə diqqətlə yanaşıldığını deyən Öztürk son 2 ildə bu istiqamətdə böyük işlərin görüldüyünü söyləyib. 2010-cu ildə "Petkim" könüllü olaraq Havaya Atılan Karbon Qazı Həcmlərinin Açıqlanması (HAKQHA) layihəsinə qoşulub. Dünya üzrə 551 fond tərəfindən dəstəklənən bu layihə çərçivəsində istixana effektinin azaldılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunması siyasəti açıqlanaraq beynəlxalq sərmayədarların diqqətinə çatdırılıb. H. Öztürk xatırladıb ki, 2003-cü ildə Türkiyədə təhlükəli tullantıların idarə edilməsi barədə məlumatlılığın olmadığı, tullantıların basdırıldığı, dənizə və axar sulara atıldığı bir dövrdə, "Petkim" həm öz tullantılarını aradan qaldıracaq, həm də Türkiyənin tullantı problemini həll edəcək bir sərmayə yatırımına start verilib. 4 fevral 2006-cı ildə istismara verilən təhlükəli tullantıların yandırılması qurğusu müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Saatda 11,5 ton buxar əmələ gətirən qurğunun yanma əməliyyatı 1200-1400 C dərəcəyə bərabər yüksək temperaturda həyata keçirildiyi üçün dioksin və furan qazlarının əmələ gəlməsinin qarşısı alınır. Son texnologiyaya əsasən layihələndirilmiş qurğuda yanma nəticəsində yaranan qazlardan yüksək təzyiqlə buxar əldə edilməklə yanaşı, atmosferə atılmalı olan tullantı qazlar müxtəlif filtrlərdən keçirilir və onların ətraf mühitə mənfi təsiri aradan qaldırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB