Yerjan Kazıxanov: "Xəzərin statusu haqqında Konvensiyanın tezliklə imzalanmasına ümid edirik"

Yerjan Kazıxanov: "Xəzərin statusu haqqında Konvensiyanın tezliklə imzalanmasına ümid edirik"

Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasına ümid edirlər. Bu barədə respublika Xarici İşlər Nazirliyinin rəhbəri Yerjan Kazıxanov bəyan edib.


"Bakıda keçirilmiş üçüncü Xəzər sammitinin nəticələri bir daha əyani şəkildə nümayiş etdirdi ki, Xəzəryanı ölkələr arasında yaxın vaxtlarda danışıqlar yolu ilə nizamlanması mümkün olmayan fikir ayrılıqları mövcud deyil", - deyə o, bu gün Astanada Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xüsusi işçi qrupunun 30-cu iclasında bildirib.


"İndi inamla söyləmək olar ki, vahid mövqenin işlənməsi mümkündür, Konvensiyanın ən qısa müddətdə imzalanması isə tamamilə realdır", - deyə nazir qeyd edib.


Y.Kazıxanov vurğulayıb ki, bizim qarşımızda Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığının uzunmüddətli və möhkəm hüquqi bünövrəsinin yaradılması ilə bağlı ən vacib məsələ dayanır, onun əsas elementlərindən biri dəniz akvatoriyasının delimitasiyasıdır.


Öz növbəsində, Rusiya Federasiyası prezidentinin MDB-nin həmsərhəd iştirakçı-dövlətləri ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin ümidvar olduğunu bildirib ki, bugünkü iclas "Konvensiyanın işlənməsi istiqamətində böyük addım olacaq, həmçinin Rusiyada 4-cü Xəzər sammitinin çağırılması üçün zəmin yaradacaq".


"Bu gün biz prezidentlərin verdikləri iki tapşırığı reallaşdırmalıyıq. Bunlardan birincisi, milli zonanın eni və rejimi haqqında məsələni razılaşdırmaqdan, ikincisi isə nərə balıqlarının ovlanmasına moratoriumun tətbiqi üzrə mexanizmin yaradılmasından ibarətdir", - deyə A.Qolovin qeyd edib.


www.newskaz.ru/politics/20111122/2152020.html

Bütün xəbərlər Facebook səhifəmizdə