“Bakı ES”: Aqreqatlar dispetçer qrafikinə uyğun fəaliyyət göstərir
Effektivliyi yüksək olmaqla yanaşı, tikinti müddətinin də azlığını nəzərə alaraq dövlət başçısının diqqət və qayğısı sayəsində elektrik enerji sisteminin xalq təsərrüfatının sürətli inkişafını qabaqlamasını təmin etmək məqsədilə, postsovet məkanında ilk dəfə olaraq generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət olan generatorların tətbiqinə başlanıb. SİA-nın \"Azərenerji\" ASC-nin mətbuat xidmətindən aldığı məlumata görə, belə generasiya güclərindən biri olan 12 aqreqatlı, ümumi gücü 105 MVt təşkil edən "Bakı" elektrik stansiyasında da aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır.
"Bakı" elektrik stansiyasından "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata əsasən, aqreqatlara müvafiq olaraq texniki baxış keçirilir və qeydə alınan nasazlıqlar operativ olaraq aradan qaldırılır. Yeri gəlmişkən, aparılan təmir işləri stansiyanın işçi heyəti tərəfindən həyata keçirilib.
Tədbirlər sırasına aqreqatların hava süzgəclərinin yenisi ilə əvəz edilməsi, radiator sahəsində radiatorlar, sovurucu hava şkaflarının yuyulması, avtomatik və mərkəzdənqaçma yağ süzgəclərinin təmizlənməsi, isti və soyuq su konturlarının pompaslarının dəyişdirlməsi, sınmış boltların yeniləri ilə əvəz edilməsi, və s. daxildir. Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Stansiyanın və maşın zalının ətrafı yanğın törədə biləcək tullantılardan təmizlənib.
Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyanın elektrik avadanlıqlarına da baxışlar keçirilib, aqreqatlarda qrafik üzrə texniki xidmət işləri aparılıb və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri görülüb.
Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri güc transformatorundan, eleqaz açarlarından, ayrıcılardan, izolyatorlardan, generatorun avadanlıqlarından da yan keçməyib.
Elektrik stansiyasından daxil olan məlumata görə, stansiyada cari ilin ötən ayı ərzində 46,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 1,1 milyon kilovatsaat çoxdur.
Məlumat üçün bildirək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə elektrik enerjisinin istehsalı 427,4 milyon kilovatsaata yaxın olub. Qeyd edək ki, 10 ay ərzində nəzərdə tutulduğundan əlavə olaraq 5,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Sonda bildirək ki, hal-hazırda haqqında danışılan enerji obyektindəki aqreqatlar dispetçer qrafikinə müvafiq fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB