Bu gün Azərbaycan Respublikası və Dünya Bankı arasında "Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi"nin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, saziş "Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi" Dünya Bankının krediti və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) qrantı hesabına maliyyələşdirilib.
Tədbirdə çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib ki, layihənin əsas məqsədi kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarı alətlərinin istifadəsinin genişləndirilməsi və bütövlükdə müasir, beynəlxalq standartlara uyğun və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Onun sözlərinə görə, hazırlanması 1,5 il davam edən bu layihənin məqsədi Azərbaycanın kapital bazarlarında səmərəli tənzimləyici çərçivə və infrastrukturun təmin edilməsi, maliyyələşmə və investisiya mexanizmləri kimi səhm və korporativ borc alətlərinin istifadəsinin genişləndirilməsi vasitəsi ilə iqtisadi artım və yüksək rifahı dəstəkləməkdən ibarətdir. R.Aslanlı vurğulayıb ki, layihə həmçinin "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsi məqsədi daşıyır.
"Kapital bazarlarının
müasirləşdirilməsi Layihəsi" prezident İlham Əliyevin 2011-ci il mayın 16-da
təsdiq etdiyi Qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının
(2011-2020-ci illər) icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini
təmin edəcək. Layihənin ümumi dəyəri 15,8 mln. ABŞ dolları təşkil edir və bunun
12 mln. ABŞ dolları Dünya Bankı tərəfindən kredit, daha 1,6 mln. ABŞ dolları
İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi (SECO) tərəfindən qrant vəsaiti hesabına ödəniləcək.
Layihədə Azərbaycan hökumətinin payı isə 2,2 mln. dollar təşkil edir", - deyə
komitə sədri deyib.
Dünya Bankının ölkə üzrə
meneceri Cozef Ouen isə çıxışında layihənin qarşıya qoyulan məqsədlərdən danışıb.
O bildirib ki, layihə Azərbaycan hakimiyyəti tərəfindən atılan addımların
nəticəsində yaranıb: "Layihənin məqsədi səhm və kooperativlərdən istifadə
etməklə, kapital bazarların yaxşılaşdırılmasından ibarətdir. Bu layihə özəl
sektorun alternativ mənbənin təmin edilməsində, qeyri-neft sektorunun
inkişafına öz töhfələrini verəcək. Layihənin 4 əsas icra komponenti mövcuddur. Bu,
bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması, hüquqi və
tənzimləyici bazanın təkmilləşdirilməsi və gücləndirilməsi, tələbatın
stimullaşdırılması, habelə potensialın gücləndirilməsidir".
Nazirlər Kabineti Aparatının
şöbə müdiri Nail Fətəliyev layihənin çox yüksək səviyyədə hazırlandığını deyib.
O, həmçinin Azərbaycan hökuməti ilə Dünya Bankı arasında ötən dövr ərzində
aparılan əməkdaşlıq, məsləhətləşmələr haqqında danışıb.
SECO-nun Azərbaycandakı
nümayəndəsi Nailə Səfərova bildirib ki, ölkə hökuməti ilə İsveçrə təşkilatı
arasında əməkdaşlıq əlaqələri nəticəsində bir çox layihələrin icra olunur. Onun
sözlərinə görə, 10 il ərzində SECO müxtəlif layihələrin icrası üçün Azərbaycana
ümumilikdə 70 mln. dollar həcmində qrant ayırıb. Bu layihələrin əsasən 3 sahəni
əhatə etdiyini deyən N.Səfərova vurğulayıb ki, bu vəsaitlər ölkədə makroiqtisadi
siyasətin dəstəklənməsinə, qeyri-neft sektorunun inkişafına və regionların
sosial-iqtisadi inkişafına yönəlib.
Tədbirin davamında"Kapital Bazarlarının
Müasirləşdirilməsi Layihəsi"nin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanması baş tutub. Sazişi Azərbaycan
tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı
DB tərəfindən isə Bankın ölkə üzrə
meneceri Cozef Ouen imzalayıblar.
Qeyd edək ki, təqdim olunan kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD – DB Qrupunun üzvü) vəsaitləri hesabına maliyyələşdiriləcək. Kredit ilk 3 ili güzəştli olmaq şərti ilə 15 il müddətinə təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB