Bakıda CAREC Proqramının növbəti iclası öz işinə başlayıb

Bakıda CAREC Proqramının növbəti iclası öz işinə başlayıb

Bu gün Bakı Biznes Mərkəzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının yüksək vəzifəli rəsmilərinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə CAREC Proqramına üzv olan 10 ölkənin (Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Çin, Əfqanıstan, Monqolustan, Türkmənistan, Pakistan), həmçinin Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İclasa sədrlik edən İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri, CAREC proqramının ölkə üzrə milli əlaqələndiricisi Samir Vəliyev proqram və onun regional əməkdaşlığın inkişafındakı rolu barədə məlumat verib. O, qeyd edib ki, 3 il əvvəl başlayan qlobal maliyyə və iqtisadi böhran zamanı proqram bir sıra çətinliklərlə üzləşsə də, ümumilikdə böhran proqramın fəaliyyətini zəiflətməyib. Onun sözlərinə görə, proqram çərçivəsində ticarət, nəqliyyat və enerji kimi prioritet sahələrə 13 mlrd dollar investisiya yatırılıb. 2011-ci ilin "CAREC" proqramı üçün səmərəli illərdən olacağını vurğulayan S. Vəliyev bu günə qədər proqram çərçivəsində qazanılan nailiyyətlərin regiona ölkələri arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün faydalı olacağını bildirib. Asiya İnkişaf Bankının Mərkəzi və qərbi Asiya Departamentinin direktoru Xuan Miranda keçirilən tədbirin CAREC Proqramının gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Daha sonra qapalı keçirilən iclasda CAREC Proqramının Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitənin 14-cü iclası, Nəqliyyat və Ticarətin Asanlaşdırılması Sektorları üçün CAREC-2020 Ortamüddətli Prioritet Layihələri üzrə seminar keçiriləcək.

Qeyd edək ki, CAREC Proqramı 2001-ci ildə Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, enerji, ticarət, gömrük və digər sahələrdə regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə