"Praktiki nəticələr hələ də qənaətbəxş deyil" - EKSPERT RƏYİ

"Təəssüf ki, Azərbaycanda şəhərsalma sahəsində sistemli və ardıcıl yanaşmanın tətbiqi hələ də kifayət qədər təmin olunmamışdır. Şəhərsalma prinsiplərinə və normativ hüquqi bazaya uyğun inkişafın olmaması bir sıra institusional və idarəetmə problemləri ilə müşayiət olunur. Məsələn, yalnız 2023-cü ilin sonlarında Bakı şəhərinin baş planı təsdiq olunmuşdur, digər şəhər və rayonların baş planlarının isə əksəriyyəti son 5-6 il ərzində təsdiq olunmağa başlanmışdır. Bu da göstərir ki, ölkə üzrə ərazi planlaşdırılmasında gecikmələr və koordinasiyasızlıq mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən, inzibati ərazi vahidləri üzrə hər 5 ildən bir inkişaf planlarının hazırlanması və müvafiq icra orqanları tərəfindən təsdiq edilməsi nəzərdə tutulur: "Bu inkişaf planları ərazilərin sosial-iqtisadi və ekoloji baxımdan dayanıqlı inkişafını təmin etməlidir. Lakin real vəziyyət göstərir ki, bu mexanizmin icrası zəif təşkil olunmuşdur və bu sahədə praktiki nəticələr hələ də qənaətbəxş deyil.

Tarixi kontekstdən yanaşdıqda, qeyd etmək lazımdır ki, 2000-ci illərin əvvəllərində ölkənin əksər inzibati ərazilərində bələdiyyə torpaqları müəyyənləşdirilmiş və bu torpaqlar üzərində yaşayış məntəqələrinin – kəndlərin, qəsəbələrin və şəhər tipli yaşayış zonalarının salınması prosesi aparılmışdır".

Ekspert həmçinin qeyd edib ki, hazırda qeyri-yaşayış təyinatlı (xüsusən də kənd təsərrüfatı və təyinatı məlum olmayan) torpaqların təyinatının dəyişdirilməsi məsələsi bir sıra hüquqi və inzibati prosedurları tələb edir: "Bu istiqamətdə icra hakimiyyətləri və digər aidiyyəti dövlət qurumları tərəfindən edilən müraciətlər əsasında həmin torpaqların statusunun dəyişdirilməsi və şəhərsalma sənədlərinə uyğun şəkildə yenidən planlaşdırılması zərurəti yaranmışdır. Lakin bu sahədə vahid mexanizmin və effektiv koordinasiyanın olmaması nəticəsində praktiki irəliləyiş hələ ki məhduddur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə torpaqların təyinatı və kateqoriyasının dəyişdirilməsi ilə bağlı yeni hüquqi baza formalaşdırılmışdır. Bu fərman torpaq resurslarından səmərəli istifadəni və şəhərsalma siyasəti ilə uyğunlaşdırılmış torpaq idarəçiliyini təşviq edir. Sənədə əsasən, kənd təsərrüfatı və digər təyinatlı torpaqların kateqoriyasının dəyişdirilməsi artıq hüquqi çərçivəyə salınmışdır və bu proses qanunvericiliyə əsasən həyata keçirilə bilər".

Bununla yanaşı o bildirib ki, vətəndaşların torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı etdiyi müraciətlər elektron platformalar vasitəsilə qəbul olunur və cavablar normativ tələblərə uyğun olaraq formalaşdırılır: "Əgər müraciət edilən torpaq sahəsi mövcud və ya planlaşdırılan şəhərsalma sənədlərinə uyğun deyilsə, bu halda vətəndaşlara bildiriş verilir ki, təyinat dəyişikliyi yalnız müvafiq icra hakimiyyətinin razılığı və ərazinin təsdiq edilmiş şəhərsalma planına uyğunluq əsasında mümkündür.

Dövlət və hökumət orqanları şəhərsalma prinsiplərinə uyğun şəkildə strateji ərazi inkişaf planlarını ardıcıl və sistemli şəkildə həyata keçirməlidirlər. Bu, yalnız planlı urbanizasiya və infrastrukturun səmərəli təşkili üçün deyil, həm də sonradan vətəndaşlar tərəfindən faktiki məskunlaşdırılmış, lakin hüquqi baxımdan qeyri-müəyyən statusda olan ərazilərin rəsmi tanınması və qanuniləşdirilməsi üçün zəruridir. Əks halda, planlaşdırılmamış şəkildə salınan yaşayış məntəqələrinin gələcəkdə şəhərsalma prinsiplərinə inteqrasiyası ciddi çətinliklər doğura bilər.

Hazırkı vəziyyətdə bir sıra ərazilər bələdiyyələrin və icra hakimiyyətlərinin təsdiqlənmiş sənədlərinə uyğun olmayan şəkildə, lakin faktiki olaraq yaşayış funksiyası daşıyan məntəqələrə çevrilmişdir. Bu isə mövcud şəhərsalma və torpaq idarəçiliyi qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Belə ərazilərin hüquqi statusunun tanınması və şəhərsalma sənədlərinə inteqrasiyası məsələsində normativ-hüquqi çərçivənin qeyri-müəyyənliyi hüquqi boşluqlar yaradır. Bu kontekstdə, dövlətin müvafiq icra strukturlarına – xüsusilə yerli icra hakimiyyətlərinə mühüm vəzifələr və məsuliyyətlər düşür".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə