Bu il əmlak bazarında qiymətlərin artması müşahidə olunur? - REPORTAJ
Son illərdə Azərbaycanda mənzil bazarında müşahidə olunan qiymət artımı həm Bakıda, həm də regionlarda yaşayan insanların əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə paytaxtda yeni tikililərin qiymətləri sürətlə bahalaşır, kirayə bazarında isə vəziyyət daha da gərginləşib. Artan təlabat, tikinti materiallarının bahalaşmasının və müxtəlif iqtisadi faktorlar mənzil almaq istəyənlər üçün ciddi çətinliklər yaradır. Bəs hazırda ev almaq istəyənlər hansı çətinliklərlə qarşılaşır? Kirayə qiymətləri niyə sürətlə artır və bunun həll yolları nələrdir? SİA mövzu ilə bağlı reportaj hazırlayıb.
Paytaxt sakini Şəfa Orucova: “Keçən ilə nisbətən qiymətlər çox bahadır, əsasəndə Bakının mərkəzində olan evlərdə qiymət artımı müşahidə olunur. Ev alqı-satqısı ilə məşğul olan dəllalların qapısının üzərində görürsən ki, kirayə mənzil yoxdur. Satışdan çox kirayə mənzillərə ehtiyac var, bu da onlarda qiymət artımına səbəb olur. Evi olan adam mənzilini satanda baha satacaq və alan şəxsdə məcbur olub onu baha alacaq”.
Paytaxt sakini Könül Yusifova: “Mən mənzillərin qiymət artımından qətiyyən razı deyiləm. Qiymət artımı bir kənara, hətta kirayə mənzil tapmaq qətiyyən mümkün deyil. Hazırda tələbələrdən və işçi axınından dolayı Bakıda yer tapmaq mümkün deyil. Ona görə də məcbur olub ya qohum evində qalırıq, ya da ki uzaq yerlərdən gəlirik”.
Paytaxt sakini Xəyal Quluzadə: “Kirayə mənzillərin artımı digər regionlara baxanda çox bahadır. Əsasəndə mərkəz yerlərdə qiymət daha kəskin artıb. Mənim fikrimcə insanın cibinə uyğun qiymətlər olmalıdır. Bununla bağlı tədbir görülsə, yaxşı olar ki, hər insanın büdcəsinə uyğun mənzil tapa bilinsin”.
Paytaxt sakini Toğrul Nürsəlli: “Əvvəlki illərə nisbətən qiymətlər çox artıb. Əvvəlki illərdə bu belə vəziyyətdə deyil. Hazırda ev almaq istəyirəm lakin, qiymətlərin baha olması səbəbi ilə ala bilmirəm. Xüsusən də şəhərin mərkəzinə və Mərdəkan ərazilərində qiymətlər çox yüksək dərəcədədir”.
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, artıq uzun illərdi ki Bakıda daşınmaz əmlak və kirayə mənzillər üzrə qiymətlərdə xüsusi artımlar müşahidə olunur: “Əmlak bazarında artım 2023-cü ildən baş verdi ki, təkcə həmin ildə 10 faizdən 30 faizə qədər qiymət artımları oldu. Lakin daha sonra 2024-cü il və hal-hazırki ildə qiymət artımları müşahidə olunsa da, ötən ildəki kimi kəskin şəkildə deyil. Buna əsas səbəb hazırki vəziyyətdə əmlak bazarında müştəri qıtlığıdır. Əvvəl ki ildə alıcıların sayı çox idi, amma indiki vaxtda alıcıların sayı az olduğuna görə bazarda durğunluq yaradıb. Bu da qiymətlərin qismən stabilləşməsinə gətirib çıxaracaq”.
Ekspert həmçinin vurğulayıb ki, ümumən ölkə üzrə qiymətlərə nəzər salsaq, daha çox Bakının mərkəzi ilə bərabər, Xırdalan şəhərində də artım müşahidə olunur: “Xırdalan şəhərindəki daşınmaz əmlakların satış qiymətinə biz nəzər salsaq görərik ki, 6-7 il bundan əvvəl təmirsiz çoxyaşayış binalarındakı mənzillərin 1 m² 600-800 manat arası təşkil edirdisə, hal-hazırda həmin ərazilərdə tikilməkdə olan binaların satış qiymətləri 1200-1400 manat, hətta daha baha qiymətə təklif olunur.
Regionlara gəldikdə isə, hal-hazırda turistik zonalarda mənzillərin gündəlik kirayə qiymətləri ərazisindən və şəraitindən asılı olaraq 50 manatdan təqribi 600-700 manat arasında dəyişir. Bu vəziyyət də Azərbaycanın regionlarında olan mənzil qiymətlərinin baha olması heç də əlçatan deyil. Lakin təlabat daha çoxdur. Turistlik bölgədəki mənzillərə təlabatın artması həmin ərazilərdə daşınmaz əmlakın satış qiymətlərində kəskin artımlar müşahidə olunur. İndiki vəziyyətdə torpaqların baha olması və orada tikiləcək binaların sayının az olması qiymətlərin kəskin şəkildə artmasından xəbər verir”.
Bununla yanaşı mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc qeyd edib ki, əmlak bazarında əgər tələblər varsa qiymətlərin artması labüddür: “Amma bəzi hallarda alqı-satqı faktları o qədər də olmur, lakin buna baxmayaraq qiymət artımına şahidlik edirik. Eyni zamanda alqı-satqının səviyyəsindən asılı olmayaraq qiymətlər artır, bu da ölkədə iqtisadi inkişaf, 30 ildən artıq işğalda olan torpaqların azad edilməsi nəticəsində, ölkəmizin investisiya cazibədarlığının artması, o cümlədən büdcənin böyüməsindən irəli gəlir”.
Həmçinin ekspert vurğulayıb ki, daşınmaz əmlakda hər il demək olar ki, əvvəlki ilə nisbətən qiymət artımı baş verir: “Hətta hesablamalarımıza əsasən hər il 10-15 faiz daşınmaz əmlakla bahalaşma müşahidə edirik. 134Eyni zamanda tikinti materiallarının qiymətinin artması, mənzil bazarında bahalaşmaya səbəb olur. Əgər tikinti materiallarının 1 m² bahalaşırsa, avtomatik olaraq mənzil bazarına təsir edir. Əvvəl 1 m² üçün 150- 300 manat arası məbləğ tələb olunurdusa, indiki halda bu 2 qat artımda müşahidə olunur. Həmçinin işçi qüvvəsinin əmək haqlarının artımı buna xeyli təsir göstərir.
Daşınmaz əmlakın 2025-ci ildə də artımını müşahidə edəcik. 2025-ci ildə 13-15 faiz qiymətlərin artımı ilə qarşılaşacıq. Amma fors major hadisələr, yəni təbii fəlakət, neftin ucuzlaşması halları olmasa, mütləq daşınmaz əmlakın qiymətində artımlar olacaq”.
Ev alqı-satqısı və kirayə bazarındakı artımlar göstərir ki, mənzil sektoru daim dəyişən iqtisadi və sosial amillərdən asılıdır. Qiymətlərin yüksəlməsi və tələbin artması fonunda vətəndaşların mənzil sahibi olması çətinləşir, kirayə bazarında isə əlçatan mənzil tapmaq problemə çevrilir. Mövcud vəziyyətin stabilləşməsi üçün ya yeni tikililərin sayı artırılmalı, ya da dövlət tərəfindən tənzimləyici tədbirlər görülməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə