Avropadaxili Vergi Administrasiyaları Təşkilatının İcraiyyə Şurasının iclası keçirilib - FOTOLAR

Macarıstanın paytaxtı Budapeştdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sədrliyi ilə Təşkilatın 149-cu İcraiyyə Şurasının iclası keçirilib. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, IOTA prezidenti olan O.Nəzərli iclasda çıxış edərək Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyinin ölkəmiz üçün əhəmiyyətli dönəm olduğunu vurğulayıb, təşkilatın vergi administrasiyaları arasında əməkdaşlığın təşviqində rolu, qlobal çağırışların həllində fəal mövqeyi və vergi sistemlərinin inteqrativ inkişafına verdiyi töhfələr barədə danışıb, qeyd edib ki, IOTA vergi administrasiyalarının səmərəli əməkdaşlıq platformasına çevrilib və bundan bütün üzv ölkələr faydalanır.

O.Nəzərli IOTA-ya prezidentlik müddətində müəyyənləşdirilmiş prioritetlər barədə məlumat verib, bildirib ki, qloballaşma və rəqəmsallaşma şəraitində vergi inzibatçılığının uğurlu transformasiyasına beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləməklə müvəffəq olmaq mümkündür. Bunun üçün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətlərin idarə edilməsində və əlaqələndirilməsində mühüm rol oynayan IOTA-nın beynəlxalq statusunun yüksəldilməsi, dayanıqlı fəaliyyətinin təmin edilməsi və təşkilatın maliyyə imkanlarının daha da yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Bu prioritetlərlə yanaşı, IOTA-nın digər beynəlxalq təşkilatlarla tərəfdaşlığını gücləndirmək də nəzərdə tutulur.

IOTA və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə sentyabrın 25-26 tarixlərində Bakı şəhərində keçirilmiş Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun əhəmiyyətini vurğulayan Orxan Nəzərli bildirib ki, təşkilata prezidentlik dövründə iqlim fəaliyyətinin prioritetlərini dəstəkləmək üçün müxtəlif vergi alətlərinin araşdırılması nəzərdə tutulub. Əməkdaşlıq, innovasiya və qlobal inkişafa sadiqlik hədəflərini rəhbər tutaraq vergi administrasiyalarının işini təkmilləşdirməyə, ölkələrimizin iqtisadi artımına və rifahına dəstək fəaliyyətimizin əsas məqsədi olaraq qalacaq.

IOTA-nın 149-cu İcraiyyə Şurasının iclası çərçivəsində qurumun 2024-2025-ci illər üçün fəaliyyət prioritetləri, 2023-2027-ci illər üzrə strategiyası, İş Proqramı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, İcraiyyə Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Katibliyin fəaliyyəti və yeni internet səhifəsi layihəsi, İOTA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığı və büdcəsinin icrası haqqında məlumat təqdim edilib. İclas iştirakçıları 2025-ci ildə Bakı şəhərində keçiriləcək IOTA-nın Baş Assambleyasına hazırlıq və inzibati tədbirlərin təqvimi kimi gündəlikdə olan məsələləri müzakirə ediblər.

Səfər çərçivəsində Orxan Nəzərli İOTA baş ofisini ziyarət edib, təşkilatın icraçı katibi Aliks Perrinyon ilə görüşüb. Burada İOTA prezidentinə qurumun 2023-cü ildən bu günədək fəaliyyəti, əldə olunmuş nəticələr və gələcəkdə təşkili nəzərdə tutulan tədbirlər barədə məlumat təqdim olunub.

Səfər çərçivəsində həmçinin Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaqulheyli ilə görüş keçirilib, ölkələrimizin vergi administrasiyaları arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə