"COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə növbəti dəfə böyük etimadın ifadəsidir" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

"Noyabr ayında reallaşacaq COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizə növbəti dəfə böyük etimad və hörmətin birmənalı ifadəsidir. Görünən odur ki, müasir beynəlxalq qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit, o cümlədən yaratdığı yeni geosiyasi konfiqurasiya ilə cənab İlham Əliyevin ölkəni qlobal güc mərkəzi kimi təsdiqləməsi Azərbaycanı dünyamiqyaslı tədbirlər üçün ideal məkana çevirir. Üstəlik dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi, habelə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, eyni zamanda Avroviziya, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda Bakı irimiqyaslı tədbirlər üçün kifayət qədər cazibədar məkandır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, siyasi əhəmiyyətinə görə yalnız BMT Baş Assambleyasının əsas sessiyaları ilə müqayisə oluna bilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı keçirildiyi zaman dünyanın siyasi nəbzi məhz tədbirin baş tutduğu məkanda döyünür: "Ən azı ona görə ki, tədbir 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin bütün iri qlobal təsisatların rəhbərlərinin, o cümlədən bir qayda olaraq BMT Baş katibinin iştirakı ilə reallaşır. Digər tərəfdən, iqlim dəyişikliyi ilə müasir mübarizə tendensiyaları və iqtisadi güc mərkəzləri arasında qarşıdurma fonunda Konfransın qlobal təsir gücünü təsəvvür etmək çətin deyil.

Lakin unutmamalıyıq ki, 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”. Xüsusən lokal antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar bizim haqlı mövqeyimizə verilən qiymət və bir sıra Qərb subyektlərinin qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsidir.
Digər tərəfdən, özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Paris sazişinə sadiqliyi, habelə Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür.
Azərbaycanın ev sahibliyi və sədrliyi ilə baş tutacaq Konfransın özündən gözləntilərə gəlincə, əvvəlki dövrlərin vahid yanaşmalarından fərqli olaraq, rəsmi Bakı ənənəvi dəyərlərə sadiq qalmaqla özünün konsepsiyasını formalaşdıra bilib. Cənab İlham Əliyevin Astanada “ŞƏT plyus” formatında görüşdə çıxışında da ifadə etdiyi kimi, "Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq"".

B.Məhərrəmovun sözlərinə görə, sirr deyil ki, cənab İlham Əliyev qlobal miqyasda sözünün sahibi olan azsaylı liderlərdən biri kimi tanınır və qəbul edilir: "Ötən dövrdə bilateralizm siyasəti ilə ayırıcı xətlər formalaşdırmağa və bununla da hegemonluğa çalışan güclərin əksinə Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Bu mənada, biz COP29-a həm də beynəlxalq əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanaraq təşkili üçün imkan kimi baxırıq və artıq inkişaf etməkdə olan dövlətlər, o cümlədən kiçik beynəlxalq subyektlər cənab İlham Əliyevin formalaşdıracağı COP konfiqurasiyasına ciddi ümidlə baxır. Bunun üçün isə real əsaslar da var. Çünki perspektivsiz və ətalətdə olan təsisat kimi tanınan Qoşulmama Hərəkatının məhz Azərbaycanın 2019-2023-cü illərdə sədrliyi dövründə canlanması, Hərəkatın qlobal arenada nüfuzu və gücünün möhkəmlənməsi, Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının, habelə Qadın Platformasının əsasının qoyulması ilə institusional inkişafına töhfə verilməsi ölkəmizin COP29 fəaliyyətindən qlobal arenada böyük gözləntilər yaradır.
Bu mənada, həm də onu əminliklə demək olar ki, COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq hüququn aliliyininə sadiq və özünün beynəlxalq məsuliyyətini dərk edən, dünyanı daha yaxşıya doğru dəyişməyə qadir qlobal güc kimi təqdimatı olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə