“Azərbaycan metan emissiyalarının azaldılması prosesində fəal iştirak edir” - NAZİR

“Azərbaycan metan emissiyalarının azaldılması istiqamətində qlobal səylərdə fəal iştirak edir. Bu il ölkəmiz Qlobal Medən Vədi təşəbbüsünə qoşulmuşdur. Metan emissiyalarının azaldılmasında tullantılar sektoru da əhəmiyyətli paya malikdir. Biz Paris Sazişi çərçivəsində Milli Müəyyən Edilmiş Töhfələrimizi yerinə yetirməkdə qətiyyətliyik və əsas diqqəti iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və ona uyğunlaşma tədbirlərinin yaxşılaşdırılmasına yönəltmişik”. SİA xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, son dövrlərdə ölkəmizdə tullantıların idarə olunmasında bir sıra mühüm tədbirlər həyata keçirilib: “2008-ci ildə Bakı şəhərində yaranan bərk məişət tullantılarının səmərəli idarə edilməsi məqsədilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Balaxanı poliqonu bərpa edilmiş və tullantıların səmərəli idarə edilməsi ilə ətraf mühitə olan təhlükələr aradan qaldırılmışdır. Bununla yanaşı, Bakı şəhərində yığılan bərk məişət tullantılarının utilizasiyası üçün Tullantıların Yandırılması Zavodu və Çeşidlənməsi Zavodu qurulmuşdur”.

“Ölkədə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya çərçivəsində müəyyən olunan bir sıra tədbirlər icra edilmişdir.

Bərk məişət tullantılarının idarə edilməsi sahəsinin dövlət subsidiyasından azad olunması, o cümlədən özəl sektor üçün cəlbediciliyin yaradılması məqsədilə bu sahədə qanunvericilik bazasının və institusional idarəetmə sisteminin təkmilləşdirilməsi, elektron informasiya sisteminin yaradılması nəzərdə tutulur”,- deyə M.Babayev bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə