Süni qiymət artımına hansı amillər təsir göstərir? - AYDINLIQ GƏTİRİLDİ

“Dünya bazarlarında da müəyyən əmtəələrin qiymətlərində artımlar var. Amma bundan sui-istifadə edərək əmtəələrin qiymətlərinin artırılması halları xüsusi ilə inkişaf etməkdə olan ölkələrdə baş verir. Məhz bu ölkələrdəki qiymət artımları isə daha çox süni qiymət artımlarıdır. İnkişaf etməkdə olan ölkələrdəki gəlirlər inkişaf etmiş ölkələrdəki gəlirlərlə müqayisədə aşağıdır. Çox təəssüf ki, qiymət artımı inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, süni qiymət artımına səbəb olan bir neçə subyektiv amillər var. Birinci əsas səbəb, inhisarçılıqdır: “İnhisarçılıq və ya monopoliya iqtisadi nəzəriyyədə bazar iqtisadiyyatında kapitalist cəmiyyətinin ən böyük problemlərindən biri kimi xarakterizə olunur. Müxtəlif cərəyanların, iqtisadi nəzəriyyələrin banisi və tərəfdarı olan iqtisadçılar iqtisadi münasibətləri ciddi şəkildə dağıtdığı ilə bağlı yekdil rəyə malikdirlər. Konkret olaraq, monopoliyanın nə olduğunu bilmək üçün bazarı dərk etməliyik. Monopoliyanın təhlükəliliyi ondan ibarətdir ki, bazar münasibətlərinə, bazardakı obyektiv gedişata subyektiv dağıdıcı təsirləri olur”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bazar münasibətləri əsasında formalaşmalı olan qiymətlər bu münasibətlərlə deyil, monopolist şirkətlərin diqtəsi ilə subyektiv amillərlə tənzimlənir: “Bu, ən böyük problemlərdən biridir. Qiymətlərin təyin olunmasında tələb və təklif, məhsulun satış həcmi, pul dövriyyəsi çox önəmlidir. Yəni bir şirkətdə məhsulun satış həcmi artırsa, həmin şirkət qiymətləri aşağı sala bilir. Çünki daha çox qazanc, hasilat əldə edir. Nəticə etibarı ilə optimal qiymət tapır. Monopolist şirkət isə satış həcminin artmasından asılı olmayaraq, qiymətləri aşağı salmaqda maraqlı olmur. Çünki, məhsul hər bir halda satılacaq. Əgər bayramqabağı bazarda bir neçə həqiqi rəqabətçi şirkət olsaydı dövriyyəni nəzərə alaraq daha çox məhsul gətirərdilər. Rəqabət və məhsul bolluğu nəticəsində də daha çox satmağa çalışardılar. Nə üçün bütün dünyada bayramlarda, festivallarda qiymətlər aşağı enir? Çünki, satıcılar qiymət marjasından daha çox dövriyyədən, satışın artmasından qazanırlar. Nəticədə qiymətlər aşağı enir. İstər siqaret, istərsə də digər məsələlər sadəcə olaraq, şirkətlərin bazardakı mövqelərindən sui-istifadə etməkləri deməkdir. İkinci məsələ monopoliya həm iqtisadiyyat, həm də monopolist şirkətlərin özləri üçün təhlükəlidir. Çünki monopolist şirkətlər daha çox subyektiv amillər üzərində böyüyürlər. Nəticədə, şirkətin sağlam böyüməsinin, yoxsa şişməsinin baş verdiyini analiz edə, görə, fərqləndirə bilmirlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə