"COP29-un Azərbaycanda keçirilməsi Prezidentin siyasətinin növbəti uğurudur" - ŞƏRH EDİLDİ

"İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) 2024-cü ildə Azərbaycanda keçiriləcək. Bu, möhtəşəm bir hadisədir və Prezident İlham Əliyevin siyasətinin növbəti uğurudur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsinin bir neçə səbəbi var: "Birincisi, Azərbaycanın dünyada sabit ölkə kimi artıq tanınmasıdır. İkincisi, Azərbaycanın Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik müddətində koronavirusla bağlı 30-dan artıq ölkəyə yardım etməsi, BMT-nin xüsusi iclasının baş tutması və s. kimi faktorlar vacib rol oynadı. Azərbaycanın Avropa məkanında enerji təhlükəsizliyin baxımdan artan nüfuzu böyük rol oynayır".

Deputat sözlərinə davam edərək bildirib ki, iqlim dəyişmələrinə səbəb olan əsas faktorlardan biri elektrik enerjisi istehsalı zamanı yanacağın yandırılması problemləridir: "Azərbaycan yeni enerji resurslarında istifadəni hədəf qoyub. Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan bu sahədə əməkdaşlığa imza atıblar. Külək, günəş, dalğa enerjisinin Qara dənizin dibi ilə Avropaya çatdırılması məsələləri Azərbaycan üçün prioritet istiqamətlərdir.

COP29-un keçirilməsinin əhəmiyyəti odur ki, Azərbaycanın bir daha dünyaya tanıdılması, on minlərlə insanın Azərbaycana gəlməsi və yeni düşüncənin mənimsənilməsidir. Hesab edirəm ki, COP29-da əldə olunacaq nəticələr dünyanı təəccübləndirəcək. Çünki Azərbaycan bütün rəhbər olduğu işlərdə dünyanı təəccübləndirməyi bacarıb. COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin yeni bir uğurunun nəticəsidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə