"Vəsait Astaranın iqtisadi cəhətdən inkişafına öz töhfəsini verəcək" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
"Yol ölkənin iqtisadi inkişafında, əhalinin rahatlığının təmin olunmasında başlıca rol oynayan vasitədir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev yol-nəqliyyat infrastrukturunun yaradılması üçün çox mühüm tədbirlər həyata keçirir və müntəzəm olaraq bu istiqamətdə sərəncamlar imzalayır. Bu tədbirlərin nəticəsidir ki, Azərbaycanda son illər 21 min km yol çəkilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
O qeyd edib ki, Astara sərhəd rayonu hesab olunur: "Rayonun son illərdə olan inkişafı, əhalinin artımı sözsüz ki, avtomobil yollarının əsaslı təmir edilməsini zərurətə çevirir. Ona görə də Prezidentin sərəncamı ilə Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri üçün 800 min manat vəsaitin ayrılması təbiidir. Bu, bilavasitə rayonun inkişafına hesablanıb".
Deputat sözlərinə davam edərək bildirib ki, bu yolun çəkilişi yalnız Astara üçün deyil, ətrafda yerləşən rayonlara da gediş-gəlişi asanlaşdıracaq: "Digər tərəfdən ayrılan vəsait iqtisadi artımın təmin olunması, yüklərin daşınması, əhalinin rahatlığı üçün lazımi şəraiti təmin edəcək. Son illər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi demək olar ki, bütün bölgələrdə yol-nəqliyyat sisteminin yenidən qurulmasına zəmin yaradıb. Bu gün ən ucqar kəndlərdə belə müasir tipli avtomobil yolları çəkilir. Eyni zamanda, yeni körpülərin salınması, yolların genişləndirilməsi lazımi qaydada həyata keçirilir. Düriyyə-Şümrüd avtomobil yolunun təmiri bu yoldan səmərəli istifadəni şərtləndirəcək və sərhəd zonası kimi Astaranın iqtisadi cəhətdən inkişafına öz töhfəsini verəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB