"Qeyri-neft sektorunun inkişafı daha yüksək templə təmin olunmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlət büdcəsi barədə müzakirələr aparıldıqda iqtisadi sektorda görüləcək işlər məsələsinə də toxunulub. Bizim gələcəkdə üç nəhəng istiqamətimiz var. İlk olaraq büdcənin sosialyönümlülüyü yenə də önəmlidir. İkinci istiqamət təhlükəsizlik məsələləridir. Yəni, bizim hərbi cəhətdən inkişafımız və ölkənin təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Üçüncüsü isə "Böyük Qayıdış"la əlaqədar Qarabağda aparılan nəhəng iqtisadi layihələrdir. Bu üç istiqamət çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, ölkənin qeyri-neft sektorunun inkişafı daha yüksək templə təmin olunmalıdır: "Təbiidir ki, biz hələ neft və qazdan əldə olunan qazancı on illər bundan sonra da istifadə edəcəyik. Amma qeyri-neft sektoru, o cümlədən, dəmiryolları, kənd təsərrüfatı, beynəlxalq ticarət, mikro və orta sahibkarlıq, turizm və yaşıl energetikada inkişafı davam etdirməliyik. Bütün bu sahələr bizim üçün önəmlidir".

"Xəzər dənizindən istifadə edərək öz nəqliyyatımızı da inkişaf etdirəcəyik. Xəzərdə bizim iki dünya standartlarına uyğun olan limanımız var. Onların da inkişafına diqqət göstəriləcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə