"Azərbaycan iqtisadiyyatı davamlı və inkişafdadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Son 20 ildə Azərbaycan iqtisadiyyatının 4, valyuta ehtiyatlarının 37 dəfə artması, ölkə iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulması onu deməyə əsas verir ki, iqtisadiyyatımız davamlı və inkişafdadır. Əlbəttə ki, bu, ölkə rəhbəri İlham Əliyevin apardığı iqtisadi siyasətin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu siyasət bir çox dövlət proqramları əsasında həyata keçirilir: "Çox sevindirici haldır ki, iqtisadiyyata qoyulan sərmayənin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, Azərbaycanda son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən çox mühüm tədbirlərin nəticəsidir. Bu gün Azərbaycan aqrar respublika səviyyəsindən güclü iqtisadiyyata malik bir dövlət səviyyəsinə yüksəlib. İqtisadi Əməkdaşlıq Təşkilatının ( ECO) 16-cı Sammitində Azərbaycan Prezidenti bir daha xarici sərmayədarları ölkəyə cəlb etmək üçün hər cür imkanın olduğunu xatırlatmış və bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma, tikinti-abadlıq işləri ölkədə iqtisadi inkişafın sürətlə irəlilədiyini göstərir. Azərbaycan iqtisadiyyatı güclü olmasaydı, bir neçə il ərzində azad olunmuş ərazilərə 7 milyard həcmində vəsait ayrılması mümkün olmazdı".

Deputat sözlərinə davam edərək bildirib ki, qeyri-neft sektorunun əsas sahələrindən biri də aqrar sektordur: "Son illər aqrar sektor ilə əlaqədar tərtib olunmuş dövlət proqramları onun inkişafına yeni bir təkan verib. Ölkənin aqrar sektoru artıq 3,2% artıma nail olub. Bu gün işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun inkişafı üçün çox güclü potensial var. Həmin ərazilərdə nəinki aqrar sektorun, turizm, nəqliyyat, emal sənayesi və digər sahələrin inkişafına da şərait yaradılır. Dövlət başçısı ECO-nun 16-cı Zirvə toplantısında təşkilata üzv olan dövlətlərin qarşılıqlı mübadiləsini vacib hesab edərək bildirib ki, artıq bu təşkilat dünyada öz rolunu və yerini qiymətləndirən bir platformaya çevrilib. Bu ölkələrin nəinki iqtisadi, eyni zamanda digər sahələrdə əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, gələcəkdə qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi dövlətlərin milli mənafeyinə öz töhfəsini verə bilər. Bu töhfə bilavasitə əhalinin rifahının yaxşılaşdırılması üçün vacib şərtdir. Əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafı yeni iş yerlərinin açılması, insanların həyatının yaxşılaşdırılması deməkdir. Xüsusilə, son illərdə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul edilməsi bu gün bütün sahələrdə yeni uğurların əsasının qoyulmasına zəmin yaradıb və iqtisadiyyatın inkişafına bir stimul olub".

"Prezident İlham Əliyev Zirvə toplantısında iqtisadi məsələlərlə yanaşı, Azərbaycanın düşmən üzərində əldə etdiyi qələbələrdən, ölkədə görülən dinc quruculuq-abadlıq işlərindən, eləcə də Azərbaycan xalqının sülhə və insan haqlarına verdiyi dəstəkdən söz açaraq bildirmişdir ki, biz qalib xalq olsaq da, yenə də dünyada sülh, təhlükəsizliyin tərəfdarıyıq. Bu mübarizə ECO ölkələri ilə birgə fəaliyyətdən keçir. Ölkə rəhbərinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra da inkişaf edəcək. Bundan əlavə xarici sərmayədarların ölkəyə cəlb edilməsi, onlara diqqət göstərilməsi üçün bütün imkanlardan istifadə ediləcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə