"Günümüzdə iqtisadiyyatın inkişafı çox vacib məsələlərin həllini təmin edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara, şəhər və kəndlərə hər bir səfəri yeni uğurun bünövrəsidir. Çünki bu səfərlər zamanı müəyyən problemlər öyrənilir, insanların təklif və arzuları dinlənilir, bunun əsasında isə yeni layihələrin həyata keçirilməsi reallaşdırılır. Bu istiqamətdə atılan addımlar iqtisadiyyatın yüksəlişinə zəmanətdir və yerlərdə görülən hər bir iş, yeni müəssisələrin, yeni iş yerlərinin açılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ölkə rəhbərinin Sumqayıt şəhərinə bu dəfəki səfərində də əsas məqsəd yeni müəssisələrin açılışını etmək, gələcək perspektivləri nəzərdən keçirmək, yeni tədbirlərin həyata keçirilməsidir: "Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi parkında yeni müəssisələrin işə salınması ilə tanış olub. Hansı ki, bura ölkədə mühüm əhəmiyyətə malik olan sənaye parkıdır. Bu parka 100 milyon manatdan artıq investisiya yatırılıb və yeni müəssisələr açılıb. Bu isə birbaşa yeni iş yerlərinin açılması deməkdir. Bu müəssisə təxminən 600 nəfərə yaxın işçini əhatə edə biləcək ki, bu da olduqca yaxşı rəqəmdir.

Digər tərəfdən ölkə başçısı 2 saylı Şəhər Xəstəxanası binasının açılışında iştirak etdi. Bu Sumqayıt əhalisinə səhiyyə xidməti göstərəcək ən böyük xəstəxanalardan biridir. Xəstəxana ən müasir avadanlıqlarla təmin edilib və əhalinin tibbi xidmətinin yüksəldilməsi üçün lazımi bütün şərait yaradılıb".

Deputat sözlərinə davam edərək bildirib ki, ölkə rəhbərinin hər bir müəssisənin, hər bir məktəb və tibb müəssisənin açılışında iştirak etməsi iqtisadiyyatın gələcək inkişafına hesablanıb: "Çünki bunlar birbaşa insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bu gün iqtisadiyyatın inkişafına hesablanmış tədbirlərin həyata keçirilməsi bizim uğurlarımıza zəmanətdir. Çünki iqtisadiyyatımız güclü və dayanıqlı olmasaydı, biz müharibə dövründə möhtəşəm qələbələrimizi təmin edə bilməzdik. Digər tərəfdən Azərbaycan bu gün dünyada inkişaf edən ölkə olaraq tanına bilməzdi və beynəlxalq aləmdə yüksək nüfuza malik olması da mümkün olmazdı. Günümüzdə iqtisadiyyatın inkişafı çox vacib məsələlərin həllini təmin edir. Bu baxımdan da ölkə rəhbəri Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazım olan dövlət proqramlarının layihələrinin vaxtında həyata keçirilməsinə çox böyük önəm verir. Cənab Prezidentin Sumqayıt şəhərinə səfəri zamanı da bunun bir daha şahidi olduq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə