"İƏT-in iclasının Şuşada keçirilməsi qələbəmizə olan inamdan qaynaqlanır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərindən biridir. Bu baxımdan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də təbiidir. Çünki bugünkü gündə dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı günü-gündən artır. İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi də bu baxımdan əlamətdardır. Sözsüz ki, bu təşkilat dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrini öz ətrafında birləşdirir ki, onlardan biri də Azərbaycandır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadi inkişafı yaxşı olan dövlətlərlə əlaqələrin qurulmasına, ticarət münasibətlərinin yaxşılaşdırılmasına böyük önəm verir: "Ölkədə iqtisadiyyatın liberallaşdırılması istiqamətində əsaslı tədbirlər görülür. Şübhəsiz ki, Azərbaycan kimi dövlətlə əməkdaşlıq etmək İqtisadi Əməkdaşlıq Təşkilatı üçün də çox önəmlidir.

Azərbaycan Prezidenti də üzvlüyümüz barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci sessiyasının iştirakçılarına göndərdiyi məktubda bir daha qeyd edib. İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, ölkələr arasında iqtisadiyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Bu bir həqiqətdir. Çünki bu gün Azərbaycanda çox böyük bərpa-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə işlər sürətlə davam etdirilir. Ölkə başçısı məktubunda qeyd etmişdi ki, biz işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" proqramını uğurla keçiririk və bu bizim əsas vəzifələrimizdən sayılır. Artıq Laçın və Füzuli şəhərlərinə köç prosesi başlayıb. Bu regionların iqtisadi cəhətdən inkişafı diqqət mərkəzindədir".

Millət vəkili sözlərinə davam edərək bildirib ki, bu tədbirin keçirilməsi dünya iqtisadiyyatına inteqrasiya olmaq, iqtisadi təcrübəni öyrənmək və təşkil etmək baxımından xüsusi əhəmiyyət daşıyır: "Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı dünyanın sayılan beynəlxalq təşkilatlarından biri olaraq daim Azərbaycanla münasibətlərin yaxşılaşmasına önəm verib.

Tədbirin Şuşada keçirilməsi də rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Həm də tədbirin Şuşada keçirilməsi Azərbaycanın tarixi qələbəsinə olan etimaddan qaynaqlanır. Belə mötəbər bir təşkilatın öz toplantısını Şuşada keçirməsi dünya ölkələrinə, eləcə də Ermənistana bir mesajdır. Dünya ölkələri Azərbaycanı dəstəkləyir və onun siyasi-iqtisadi tədbirlərinə böyük önəm verir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə