Bakı-Sumqayıt yolunda çəkilən avtobus zolağı tıxacı azaldacaq? - QURUM VƏ EKSPERT FİKRİ

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Bəs Bakı-Sumqayıt yolunda çəkilən avtobus zolağı sıxlığı azaldacaq? Ümumiyyətlə, bu zolağın əhəmiyyəti nədən ibarətdir? SİA mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrənib. Ekspert bildirib ki, ümumiyyətlə, yollarda işlər kompleks şəkildə görülməlidir: "Avtobus zolaqları çəkilməlidir. Piyada keçidinin yeri Xocasən dairəsinə sürüşdürülməli, ən azı Bakı istiqamətində iki sola və geriyə dönmə, Sumqayıt istiqamətində ən azı əlavə bir sola və geriyə dönmə təşkil edilməlidir.

Bundan əlavə, Biləcəri dairəsindən Sumqayıt yoluna köhnə çıxış təmin edilməlidir. Bakı-Sumqayıt istiqamətindən Xocəsən dairəsi və qəsəbə və ya metro (necə istəyirik adlandıraq) istiqamətinə yerüstü ya da tunel ilə əlaqələndirmək olar.

Xocasən dairəsində hərəkətə yenidən baxılmalı və işıqfor qoyulmalıdır. Dairə və yol çiyinləri genişləndirilməlidir. Sumqayıt-Bakı istiqamətindən yaxınlaşdıqda Avtovağzal metrosunun yaxınlığında dayanacaq təşkil olunmalıdır. Yəni, dayanacaq yolun tam kənarı ilə əhatələnəcək şəkildə qurulmağı məqsədəuyğundur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də məsələ ilə bağlı açıqlama aldıq: "Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək avtobus zolağı təşkil edilir. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil edilməsi gözlənilir".

Avtobus zolaqlarının əhəmiyyətinə gəlincə, qurumdan bildirilib ki, bu, bir neçə amillə təsdiqlənir: "Belə ki, ictimai nəqliyyat hərəkət cədvəli üzərində fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox adamın daşımasına imkan yaradır.

Yolların buraxılış imkanlarının artırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırda zolaq dəhlizinin yaradılması istiqamətində də iş aparılır. Sevindirici haldır ki, bu gün hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə