"Aqrar sahənin inkişafı üçün çox böyük potensial var" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Aqrar sahənin inkişafı üçün çox böyük potensial var" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"İşğaldan azad olunmuş ərazilər aqrar sahənin inkişafı üçün çox böyük potensiala malikdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, bu ərazilər işğaldan əvvəl də böyük kənd təsərrüfatı rayonları olub və bu rayonlarda üzüm, pambıq, taxıl əkilib, heyvandarlıq inkişaf edib, digər kənd təsərrüfatı məhsulları yetişdirilib və bu gün artıq həmin ərazilərdə həyat yenidən canlanmaqdadır.

“Torpaqlar minalardan təmizlənir, ərazilər sürətlə yenidən qurulur və insanlar öz ata-baba yurdlarına qayıdırlar. Zəngilana, Füsuliyə, Laçına insanların qayıdışı və orada yaradılan şərait bir daha sübut edir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin dediyi kimi, həmin ərazilər tez bir zamanda cənnətə çevriləcək, ölkənin ən mədəni, inkişaf edən regionları sırasında olacaqdır.

Əlbəttə ki, görülən işlərin miqyası çox genişdir. Artıq ərazidə iki beynəlxalq təyyarə meydanı tikilib istifadəyə verilib, üçüncü təyyarə meydanının inşasına başlanıb, çox böyük əhəmiyyətə malik olan yollar çəkilib, tunellər qazılır, körpülər salınıb və yeni yaşayış binaları tikilməkdədir. Bu, əlbəttə ki, aqrar sahənin gələcək inkişafı üçün çox böyük əhəmiyyətə malik olacaq və insanların işləməsi, yaşaması üçün imkanlar yaradacaqdır.

Sözsüz ki, torpaqlar minalardan təmizlənməlidir və uzun müddət əkilib-becərilməmiş qalan həmin ərazilər əkin dövriyyəsinə daxil olunmalıdır və yeni infrastruktur layihələri həyata keçirilməlidir ki, həmin torpaqlar istənilən məhsulu verə bilsin. Heç şübhəsiz ki, həmin ərazilərdə yüz hektarlarla torpaq sahəsi kənd təsərrüfatı üçün artıq yararlı hala salınıb və yay aylarında heyvandarlıqla məşğul olan fermerlər həmin ərazilərə, xüsusilə Kəlbəcər zonasına köçürülüblər. Arı ailələri həmin yerdə məskunlaşır və sozsüz ki, insanların ərazilərə köçürülməsi bu gedişi daha da sürətləndirəcək.

İşğal altında olan rayonlar çox böyük kənd təsərrüfatı imkanlarına malikdirlər və onlar özlərinin təbii şəraitinə görə gələcəkdə heyvandarlığın taxılçılığın, üzümçülüyün, pambıqçılığın, arıçılığın, bağçılığın inkişafında mühüm rol oynayacaqlar. Əlbəttə ki, bu bizim hər birimizi sevindirir, çünki həmin torpaqlar sovetlər dövründə ölkənin ümumi kənd təsərrüfatı məhsullarının hardasa, on beş faizini təmin ediblər. Ancaq bu gün dövr, zaman tamam başqadır və yeni texnologiyalar, yeni metodlar meydandadır və belə olan halda, həmin torpaqların yararlı hala salınması, həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsi daha yüksək məhsuldarlıqdan xəbər verir. Bu gün həmin ərazilərdə gedən işlər, görülən o böyük tədbirlər, ölkə rəhbərinin nəzarəti, tapşırığı ilə həyata keçirilən tədbirlər deməyə əsas verir ki, həmin ərazilər nəinki aqrar sektor üçün əlçatan olacaqdır, eləcə də həmin regionlarda turizmin inkişafı, həmin ərazilərdə məşğulluğun təmin edilməsi, həmin ərazilərdə mədəni, tarixi nailiyyətlərin ələ edilməsi əlçatan olacaq”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə