"Bu, böyük bir əhali kütləsini əhatə edən fərmandır" - İQTİSADÇI ŞƏRH ETDİ
"Prezident İlham Əliyev 2023-cü ilin ilk iş günündə düz iki saat yarımdan çox davam edən müsahibəsi zamanı ötən ilin siyasi və iqtisadi anlamda yekunlarına dair fikirlər səsləndirdi. Əlavə olaraq, 2023-cü ildə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarların veriləcəyini də bildirdi. Bu müsahibədən bir həftə keçməmiş biz sosial cəhətdən həssas təbəqədən olan insanların maddi rifahının yüksəlməsinə imkan verəcək ardıcıl fərmanların şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, hazırda dünyanı bürümüş inflyasiyanın əsas səbəbləri COVID-19-la başlamış və müharibə ilə daha da dərinləşmiş iqtisadi böhrandır: "Bu proses bütün dünyanı ağuşuna alıb. Odur ki, 2020-ci ildən bəri Azərbaycanda pandemiya ilə mübarizə başladı. Bununla yanaşı, insanların iqtisadi və sosial təminatının yaxşılaşdırılmasına yönələn ciddi dəstək paketləri qəbul edildi, milyardlarla manat vəsait ayrıldı. Bundan sonra da əhalinin dəstəklənməsi və iqtisadi dayanaqlılığın saxlanılması üçün hər il dövlət büdcəsindən böyük həcmdə vəsaitlər ayrıldı və ardıcıl tədbirlər həyata keçirildi".
İqtisadçı sözlərinə davam edərək bildirib ki, 2023-cü ilin dövlət büdcəsi qəbul edilərkən məhz yenə də iki istiqamət prioritet olaraq qəbul edilib: "Bunlardan biri işğaldan azad edilmiş ərazilərdirsə, ikincisi əhalinin sosial rifahıdır. Buna görə də büdcənin 46 faizdən çox hissəsini məhz sosialyönümlü xərclər təşkil edir. Buna görə də ilin əvvəlindən dövlətimizin başçısı minimum aylıq əməkhaqqını 15 faiz artıraraq 345 manata, əmək pensiyasının minimum məbləğini isə 280 manata qaldırılması ilə bağlı fərman imzaladı. Bu isə 16,7 faiz artım deməkdir. Göründüyü kimi, minimum pensiyanın artım faizi minimum əməkhaqqının faizini də üstələdi.
Bir neçə gün əvvəl ölkə üçün çox ciddi önəm daşıyan fərmanlar imzalandı. Belə ki, Azərbaycan Prezidenti 7 müxtəlif istiqamət üzrə sosial müavinətləri artırdı. Buraya həm orqanizmin fəaliyyətini itirməyə görə, yəni, əlillik dərəcələri üzrə, həmçinin yaşa, ailə başçısını itirməyə, bir yaşına qədər uşağı olan aztəminatlı ailələrə ödəniş üzrə, uşağın anadan olmasına görə və digər istiqamətlər üzrə sosial müavinətlər daxildir. Bu, böyük bir əhali kütləsini əhatə edən fərmandır.
Digər bir fərmanla şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması isə özündə təkcə maddi dəyər daşımır. Bu, eyni zamanda, şəhid ailələrinə ölkə rəhbərliyinin xüsusi münasibətinin bir göstəricisidir.
Regionlarda təhsil almaq istəyən gənclərin təhsilə əlçatanlığının yaxşılaşdırılması, motivasiyanın formalaşması və onların xərclərinin qarşılanması üçün vacib addımlardan biri tələbə təqaüdlərinin artırılması idi. Prezident İlham Əliyev bu məsələ ilə bağlı da fərman imzaladı. Həm də bu fərmanla təkcə bakalavr və magistratura üzrə oxuyan tələbələrin deyil, eyni zamanda, doktorantların, orta ixtisas təhsili müəssisələrində oxuyan, eləcə də peşə təhsili müəssisələrində təhsil alan tələbələrin də təqaüdləri artırıldı. Ölkəmizdə peşə təhsilinin inkişafına çox böyük ehtiyacın olduğunu nəzərə alsaq, burada oxuyan tələbələrin də bu fərmandan yararlana bilmələri müsbət haldır.
Digər fərman isə 17 istiqamət üzrə olan müxtəlif dövlət qurumlarında çalışan insanların əməkhaqlarının artırılmasıdır. Siyahıya daxil edilmiş müəssisə və təşkilatlara baxdıqda görə bilərik ki, bunların hər biri dəstəyə ehtiyacı olan insanlardır ki, onlar bu artımdan yararlana biləcəklər.
İndiyə qədər olan artımlar arasında ən önəmli istiqamət isə yeni doğulan uşağa görə ödənilən vəsaitdir. Çünki bir ailənin sevinməsi üçün buna çox böyük ehtiyac var. Bunun ən önəmli tərəfi isə yeni doğulan uşağa görə ödənilən müavinətin artım faizidir. Bu məbləğ 300 manatdan 500 manata çatdırıldı. Bu isə bütün artım göstəricilərini üstələyən 66,7 faizlik artım deməkdir.
Dövlətin hazırkı yanaşması onu göstərir ki, biz qarşıdakı müddətdə digər istiqamətlərdə də müxtəlif sosial tədbirlərin görülməsi və ödənişlərin artırılması ilə bağlı Prezidentin fərmanlarını görə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB