Yol infrastrukturu iqtisadiyyata necə təsir edir? - İQTİSADÇI-EKSPER DANIŞDI

“Yol mədəniyyət, iqtisadiyyat və həyatdır. Yollar hər bir ölkənin inkişaf səviyyəsini göstərən bir faktordur”. Bu fikirləri SİA-ya açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadçı-ekspert Mahir Zeynalov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, hansısa ölkənin yolları müasir şəkildə təşkil olunubsa, deməli, həmin ölkədə iqtisadi inkişafdan danışmaq olar: “Son illərdə Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, ölkənin neft və büdcə gəlirlərinin artması ona imkan verir ki, yol infrastrukturuna böyük investisiyalar qoyulsun. Azərbaycan dövləti MDB-də yol infrastrukturu baxımından öndə olan və bəlkə də 1-ci yerdə olan ölkədir. Bu, həm də bizim iqtisadi inkişafımızın göstəricisidir. İqtisadi inkişaf yollarımızın müasirləşməsinə də çox böyük töhfə verir. Hətta imkan yaranıb, artıq rayonlara gedən magistral yollarla yanaşı, kənddəki yollar da təmir olunaraq, inkişaf etdirilir. Bu baxımdan da, cənab Prezident xüsusən də Bakı şəhərində və regiondakı yolların təmir olunaraq yenilənməsi üçün müəyyən məbləğlər ayırır. Təbii ki, Dövlət Başçısının bu cür addımları çox təqdirəlayiq bir amildir. Xüsusən də, Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə cənab Prezident sərəncam imzalamışdır. Bakı Azərbaycanın paytaxtıdır, məhz bu baxımdan, şəhərdəki yollar yüksək səviyyədə təşkil olunmalıdır. Həmçinin, yol infrastrukturunun inkişaf etdirilməsi biznesimizə də xüsusi töhfə verir. İşğaldan azad edilən Qarabağımızda da təhlükəsizliyin təmin edilməsi məqsədilə ilkin olaraq yolların salınması əsas prioritet məsələlərdəndir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə