Milli Kitabxanada Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə konfrans keçirilib FOTOLAR

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə aprelin 23-də Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar “Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq “Ulu öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər verib. Vurğulayıb ki, kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyib.

K.Tahirov Ulu Öndərin Milli Kitabxanaya 300 ədəd kitab hədiyyə etdiyini vurğulayıb: “Biz hər dəfə bu kitabları gənclərə nümayiş etdirir, Ulu Öndərin oxucu kimi təcrübəsini gənclər arasında yayırdıq. Təəssüflər olsun ki, bu il bu tədbiri keçirə bilmədik. İnanıram ki, tezliklə pandemiya bitəcək və belə tədbirləri davam etdirəcəyik”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabın həyatımızdakı mühüm rolundan söhbət açıb. Vurğulayıb ki, Azərbaycanda kitab irsinin və ənənələrinin qorunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir: “Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra bu məsələyə daha ciddi yanaşılır. Kitabı qorumaq, müəllif hüququnu müdafiə etmək Azərbaycan dövlətini hər zaman düşündürüb. Ona görə də ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra kitab, nəşriyyat, əqli mülkiyyətlə bağlı bir sıra məsələlərə diqqət yönəldildi. Hazırda da bu sahəyə geniş diqqət ayrılır".

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli Sərəncamına əsasən, dünya ədəbiyyatının nümunələri ana dilimizdə nəşr edilib. Həmçinin Azərbaycan ədəbiyyatının nümunələri tərcümə olunaraq beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülüb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib. Bildirib ki, bu gün 1995-ci ildə UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.
Konfransda Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev və başqaları çıxış edərək bu günün əhəmiyyətindən söz açıblar.

Sonra Azərbaycan Milli Kitabxanasının hazırladığı “23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” mövzusunda virtual kitab sərgisinin təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə