“Qətibə İnanc” tamaşası onlayn göstəriləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yanvarın 30-da saat 19:00-da sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn göstəriləcək.

SİA-nın məlumatına görə, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...