“Uşağın duası” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın hekayələrinə son dövrlər mətbuatda tez-tez rast gəlinir. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiyanın uşaqların mənəvi dünyasını, psixoloji aləmlərini əks etdirən hekayələrdən ibarət “Uşağın duası” kitabı məhz bu dövrdə işıq üzü görüb.

SİA-nın məlumatına görə, “Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn kitabda bütün hekayələrin mövzusuna həsr olunmuş rəssam işlərinə rast gəlmək mümkündür.

XXI əsrin 20-ci illərinin uşaqları pandemiya və Vətən müharibəsinin şahidi olublar. Sıfırlardan ibarət olan bu təqvimdə cəmiyyətin payına yuvarlaqlanmaq düşdü. Koronavirus adlı xəstəlik nəticəsində bütün dünya özünə qapanaraq, sərhədləri bağladı. Sərhədlər və qapılar bağlansa da, bütün dünyanın uşaqları birləşdi. Bu günün uşaqları gözlərinin önündə bütün dünyanı cənginə alan xəstəliklə Azərbaycan dövlətinin mübarizəsini heç vaxt unutmayacaqlarını yazan müəllif dünyamızı uşaqların duasının xilas edəcəyinə inanır.

Kitab professor Qəzənfər Paşayevin yazdığı “Ön söz”lə başlayır: “Düşünürəm ki, mövcud vəziyyətlə, əlaqədar uşaqlar üçün yazılmış ilk bədii əsərin “Uşağın duası” adlandırılması xüsusi önəm kəsb edir. Bu hekayələr dünyanın Fidan tərəfindən baxanda görünən həqiqətləridir. Diqqətimi hər şeydən əvvəl çəkən Fidanın tizfəhm müşahidə qabiliyyəti, az sözlə çox şey demək məharəti, hekayələrinin yığcamlığı oldu. Yazıçı həyata ən inandırıcı prizmadan uşaq qəlbindən baxır. Bu isə onun hekayələrinə səmimi bir ruh verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...