Milli Kitabxana kitab təqdimatında iştirak edib

Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxana TÜRKSOY-un “Türksoy kitabxanası” seriyasından nəşr etdiyi türkiyəli şair Kənan Çarboğanın “Qorqudnamə” kitabının onlayn təqdimat mərasimində iştirak edib.

Kitabxanadan SİA-ya bildirilib ki, onlayn tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bu günlərdə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində düşmən tapdağından azad olunan Azərbaycan torpaqlarına səfərindən, orada gördüyü erməni vəhşiliyinin izlərindən və Ali Baş Komandan İlham Əliyevlə görüşündən bəhs edib. O, eyni zamanda, TÜRKSOY-un türk dünyasının ortaq ədəbi irsinin təbliği ilə bağlı keçirdiyi layihələrdən və bu gün təqdimatı keçirilən layihənin əhəmiyyətindən danışarkən, bu kitabın ilk simvolik təqdimatının işğaldan azad olunmuş Füzuli şəhərində keçirilməsindən qürur duyduğunu söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bu gün Azərbaycan xalqının çox fərəhli günlər yaşadığından bəhs edərək bu şanlı zəfər tarixini Azərbaycan xalqına yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından təşəkkürünü bildirərək, Azərbaycanın təkcə müharibə cəbhəsində deyil, diplomatiya və informasiya cəbhəsində də böyük qələbə qazandığını diqqətə çatdırıb.

K.Tahirov Dədə Qorqudun bütün türk dünyasının ortaq mənəvi mirası olduğunu bildirərək, bu möhtəşəm mənəvi abidənin xalqlarımızı daha sıx birləşməyə və biri-birinə dayaq olmağa səsləyən varlıq olduğunu xüsusi vurğulayıb. Məhz qardaş türk xalqının və türk dünyasının mənəvi dəstəyinin bu 44 günlük Qarabağ savaşında Azərbaycan Ordusuna böyük güc və ruh verdiyindən bəhs edən natiq bu mənada Dədə Qorqud kimi ali dəyərlər təcəssümü olan abidənin TÜRKSOY tərəfindən gündəmə gətirilməsinin çox əhəmiyyətli olduğunu söyləyib. Sonda K.Tahirov 2021-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq payızda bu tədbir çərçivəsində Milli Kitabxanada keçirilməsi nəzərdə tutulan elmi konfrans çərçivəsində türkdilli ölkələrdən gələn alimlərin və müəllifin iştirakı ilə “Qorqudnamə” kitabının təqdimatının keçirilməsini təklif edib.

Sonra tədbirdə Türk Dil Qurumunun başqanı Güner Gülsevin, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçunun köməkçisi Kadır Başar, qazaxıstanlı alim Askar Turqanbayev və kitabın müəllifi Kənan Çarboğa çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə