Fərhad Bədəlbəylinin yaradıcılığı haqqında kitab nəşr olunub FOTOLAR

İncəsənət tarixində elə bir zaman gəlir ki, müəyyən bir dövr ərzində toplanmış təcrübənin yaradıcılıqda ümumiləşdirilməsi və mədəni dəyərlərin yaradılması dövrü çatır və bu da əvvəlki dövrün bir çox sənətkarlarının axtarışlarının və nailiyyətlərinin daha dolğun və parlaq təcəssümünü özündə cəmləşdirir. Belə dövrlər incəsənətin inkişaf yollarının özünəməxsus zirvəsidir ki, bu zirvədən keçmişə nəzər yetirib, gələcək perspektivləri görmək olur.

Bu cür mərhələ dövrlərdə sənətkarların yaradıcılığı geniş yayılaraq, öz dövrünün hüdudlarından kənara çıxır, öz Vətəninin sərhədlərini aşır və ümummilli əhəmiyyət kəsb edir. Bu, ona görə mümkün olur ki, bu kimi yaradıcılıq özünəməxsus milli mədəniyyətin və dünya incəsənətinin mütərəqqi ənənələrinin qovuşdurulması əsasında meydana gəlir.

1960-70-ci illər Azərbaycan musiqi-ifaçılıq mədəniyyətində belə mərhələlərdən biri olub, müasir zəmanənin görkəmli pianoçusu, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı və beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “İstiqlal” ordenləri kavaleri, Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin yaradıcılığı ilə bağlıdır. Onun çoxcəhətli ifaçılıq, pedaqoji və musiqi-ictimai fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rol oynamış və öz ölkəsinin sərhədlərini aşaraq, onun beynəlxalq miqyasda tanınmasına rəvac verib.

Fərhad Bədəlbəylinin yaradıcılığının araşdırılmasına və ümumiləşdirilməsinə həsr olunmuş ilk nəşrin: “Фархад Бадалбейли. Статьи, материалы” (“Fərhad Bədəlbəyli. Məqalələr, materiallar”; müəllif-tərtibçilər: Tərlan Seyidov, Aida Hüseynova; elmi redaktorlar: Elxan Babayev, Fərəh Əliyeva. – Bakı: QAPP-Poliqraf, 1997. – 182 s.) işıq üzü görməsindən 20 ildən artıq vaxt keçir.

Bu ilk nəşrdən sonra keçən dövr musiqiçinin zəngin yaradıcılıq tərcümeyi-halında yeni nailiyyətlərlə əlamətdar olub, yerli və xarici dövri mətbuatda, internet-portallarda və bir neçə kitablarda – Könül Hüseynovanın “Musiqimizin Fərhadı”, Fazil Rəhmanzadənin “Bədəlbəylilər”, Tərlan Seyidovun “Поэт фортепиано” (“Fortepiano şairi”) – geniş işıqlandırılıb.

BMA-dan SİA-ya bildirilib ki, yeni kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub ki, bunun son 30 ili Fərhad Bədəlbəylinin rəhbərliyi altında keçib.

F.Bədəlbəyli haqqında kitab BMA-nın təcrübə və elmi-eksperimental bazası olan Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanıb. Bu kitab əvvəlki nəşrləri toplayıb ümumiləşdirməklə yanaşı, xronoloji ardıcıllıqla yeni materialları və sənədləri, eləcə də musiqiçinin özünün məqalələrini və müsahibələrini cəmləşdirir.

Nəşr iki cilddən ibarətdir. Bu yaxınlarda birinci cild – “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı: məqalələr, rəylər, müsahibələr, materiallar” (392 səhifə) – “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb (müəllif-tərtibçi – Tərlan Seyidov, elmi redaktorlar – Elmira Mustafayeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova və Sevda Məmmədova, rəyçi – akademik Zemfira Səfərova). Bu, F.Bədəlbəylinin və BMA-nın Orta ixtisas məktəb-studiyasının 40 illik sıx əməkdaşlığının nəticəsidir. Bu əlaqə birgə fəaliyyətin bir çox aspektlərində – beynəlxalq və respublika miqyaslı elmi-ifaçılıq müsabiqələrinin, konfranslarının, festivallarının keçirilməsində, elmi işlərin redaktə olunması və metodik vəsaitlərin nəşrində özünü büruzə verir.

Təqdim olunan kitabın əsas məqsədlərindən biri – yeni tədqiqatlar üçün material mənbəyini təşkil etməsi ilə bağlıdır. Digər bir məqsəd – bizim və xarici yaradıcı ziyalıların öz həmkarı, dostu, müəllimi, gözəl musiqiçi və insan haqqında rəylərini nəşr etməkdən ibarətdir.

Kitab həqiqi və hərtərəfli sənədlərə əsaslanaraq, 300-ə yaxın qəzet və jurnal nəşrlərini, rəyləri, tədqiqat xarakterli məqalələri, müsahibələri, həmçinin, F.Bədəlbəylinin özünün müxtəlif illərə aid məqalələrini, onun seçilmiş musiqi əsərlərini və şeirlərini əhatə edir.

Kitabın ikinci hissəsinə ötən əsrin 60-cı illərindən başlayaraq, bu nəşrin hazırlanmasına qədərki dövrdə mətbuatda çap olunmuş yazılar daxil edilib. Burada F.Bədəlbəylinin qastrol səfərlərinin dolğun marşrutu, onun pianoçu, ansambl üzvü, ictimai-siyasi xadim kimi çıxışlarını əks etdirən materiallar öz əksini tapıb. Müxtəlif çap nəşrlərini təmsil edən ayrı-ayrı jurnalistlər F.Bədəlbəylinin fəaliyyətini işıqlandıraraq, bir cəhəti vurğulayırlar: “İstedad – həmişə yenidir, həmişə maraqlıdır!”

Kitab Fərhad Bədəlbəylinin şeirləri – parlaq istedadlı musiqiçinin poetik yaradıcılığının ən yaxşı nümunələri ilə yekunlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə