M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işğaldan azad olunan bölgələrdəki 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası davam edir.

SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir ziyalımız, yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu humanist aksiyaya qoşulduğu üçün Yunus Oğuza öz təşəkkürünü bildirərək bütün Azərbaycan ictimaiyyətinə, ziyalılarımıza, həmçinin İLESAM türk təşkilatına da müraciət edərək bu nəcib çağırışda iştiraka səsləyib.

Yunus Oğuz Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək şəxsi kitabxanasından ilkin olaraq 300 nüsxə müəllifi olduğu kitablarını – “Çingiz xan”, “Nadir şah”, “Əmir Teymur” və s. işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladığını söyləyib. O, bütün Azərbaycan ziyalılarına, Azərbaycan Yazıçılar Birliyinə, yazıçı və şairlərə, alimlərə, kitab mağazalarına, eləcə də bütün kitabsevərlərə, gənclərə müraciət edərək bu humanist çağırışa qoşulmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə