Azərbaycan abayşünasları TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif ediliblər FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyində “Abayı oxuyarkən” art-albomunun təqdimatı keçirilib. Art-alboma türk ölkələri rəssamlarının dahi qazax şairi və mütəfəkkirinin əsərlərinin motivləri əsasında çəkdiyi əl işləri daxildir.

SİA-nın məlumatına görə, albom dahi şairin anadan olmasının 175 illiyi şərəfinə elan edilmiş “Abay Kunanbayev İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən buraxılıb.

Təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin vitse-prezidenti Eldar İsmayılov, həmçinin Azərbaycanın elmi və yaradıcı dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən D.Kaseinov vurğulayıb ki, xalq şairi, mütəfəkkir, maarifçi və qazax milli ədəbiyyatının banilərindən biri olan Abay təkcə Qazaxıstana deyil, həm də bütün türk dünyasına zəngin irs qoyub. Onun şeirləri və müdrik kəlamları bütün türk xalqlarının mədəniyyətinin zənginliyini və mənəviyyatını əks etdirir.

Tədbirin gedişində dahi qazax şairinin adının və irsinin tanıdılmasına böyük töhfələr verən şəxslərə “Abay 175 il” xatirə medallarının və təşəkkür məktublarının təqdimatı mərasimi keçirilib. Bakı Dövlət Universiteti (BDU) nəzdində Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatimə Dursunova, BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əsgərov, jurnalist-publisist Aida Eyvazova, yazıçı-nasir Nəriman Əbdülrəhmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru Elman Quliyev, BDU-nun Türkologiya kafedrasının professoru Firuzə Ağayeva Fəxri mükafatlara layiq görülüblər.

Tədbirin sonunda qonaqlara dahi Abayın həyat və yaradıcılığı barədə sənədli film göstərilib, ənənəvi qazax təamları təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə