“Karlson” tamaşası onlayn nümayiş ediləcək

Yanvarın 22-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşasını onlayn nümayiş etdirəcək. SİA-nın məlumatına görə, gürcüstanlı rejissor Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.

Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə