Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsi ilə bağlı silsilə materiallar hazırlayıb

Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində mövzuya dair ədəbiyyatı yeniyetmə və gənclər arasında təbliğ etmək məqsədilə silsilə materiallar hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, “20 Yanvar - qan yaddaşımız!” adlı virtual sərgi özündə 46 adda kitabı cəmləyir, burada 20 Yanvar faciəsinə aid fotolar, faciənin törənmə səbəbləri və acı nəticələri haqqında qısa məlumatlar, faktlar, hadisə ilə bağlı görkəmli adamların fikirlərindən sitatlar verilib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq özündə yalnız onlayn istifadəsi mümkün olan kitablar toplanıb.

Sərgidə nümayiş etdirilən kitablar “Azərbaycan dilində kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “20 Yanvar faciəsi haqqında rus dilində kitablar” və “İngilis dilində kitablar” bölmələri üzrə yığılıb.

Hər bir bölmə daxilində kitablar nəşr ilinin xronologiyası (ən köhnə nəşrdən yeniyə doğru) ardıcıllığı ilə təqdim olunur. Virtual sərgi vasitəsi ilə istifadəçilərədə mövzuya dair ədəbiyyata maraq oyatmaq üçün təqdim edilən kitabların şəkilləri, biblioqrafik təsvirləri, hər bir kitab haqqında qısa məlumatlarla yanaşı, kitabın tam mətninin olduğu linklər qeyd olunub.

Virtual sərgi ilə bərabər, Gənclər Kitabxanasının əməkdaşları “Qanlı Yanvar” adlı biblioqrafik yaddaş da tərtib edərək istifadəçilərin ixtiyarına veriblər. Vəsaitdə 20 Yanvar faciəsinin tarixi, acı nəticələri haqqında məlumat verilib, ümummilli lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, bu faciənin geniş auditoriyaya çatdırılmasında göstərdiyi səylərdən söhbət açılıb. Sözügedən materialda 20 Yanvar faciəsindən bəhs edən kitabların və dövrü mətbuatda çap edilən məqalələrin siyahısı da verilib.

Bundan əlavə, kitabxana əməkdaşları 20 Yanvar faciəsi ilə əlaqədar özündə geniş məlumatları cəmləyən rus dilində virtual kitab sərgisi, bir sıra tanıtım video çarxları da hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə