“YARAT”da açılan “Öz adanı kəşf et” adlı sərgi davam edir

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir. “YARAT”dan SİA-ya bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur.

Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.

“Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Belə ki, tarixi nöqteyi-nəzərdən, bu layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan, sözügedən sərgi, əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.

SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə “sınma” kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqınlar, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin, yenidənqurma illərində yaranmış “yeni” həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu “zamansızlıq” dövründə, rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki, incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...

Sərgi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: “Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi” dövrü, “Faciənin baş verməsi: müharibə və onun nəticələri” dövrü və “Həyatın canlanması və tunelin sonunda işıq” dövrü.

Sərginin bədii əsərləri, həmin dövr cəmiyyətinin vəziyyətini və əhval-ruhiyyəsini yenidən qurmaqla və vizuallaşdırmaqla, həmin illərin sənədli fotoşəkilləri və xronikalardan olan videomateriallarla birgə təqdim olunur.

Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.

Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu il mayın 30-dək ziyarətçilər üçün açıq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə